Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçiləri Avropa çempionatında 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıb

    İstanbuldakı yarış başa çatıb

    Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb. "Report"un məlumatına görə, Azərbaycan güləşçiləri qitə birinciliyini ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medalla başa vurublar.

    Gənc qızlardan ibarət yığma, komandalar arasında ən çox sayda medal (6 medal), yunan-Roma güləşi üzrə yığma isə ən çox sayda qızıl medal (3 qızıl) qazanaraq, digər iştirakçı ölkələrdən fərqlənib.

    Çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləş millisi 1 qızıl və 3 bürünc medala yiyələnib. Səid Həmidov (120 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub. Bürünc medallara Vurğun Əliyev (60 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) sahib çıxıb. Komanda hesabında Azərbaycan millisi 47 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə 62 xalla ikinci, Rusiya 72 xalla birinci olub.

    Gənc qızların mübarizəsində 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanılıb və güləş tarixində yeni bir səhifə yazıb. Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq) və Elis Manolova (67 kq) gümüş, Türkan Nəsirova (44 kq) və Raqnetta Qurbanzadə (67 kq) isə bürünc medala yiyələnib. Bu nəticə ilə Azərbaycan yığması komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla Avropa çempionu olub. 50 xal toplayan Rusiya ikinci, 40 xala malik Türkiyə üçüncü pillədə qərarlaşıb.

    Gənclər arasında Avropa çempionatının son iki günündə isə yunan-Roma güləşçiləri mübarizə aparıb. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan güləşçiləri bütün rəqiblərindən daha yaxşı nəticə əldə ediblər. Nofəl Babayev (50 kq), İslam Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb, Murad Məmmədov (55 kq) gümüş, Ruhin Mikayılov (66 kq) bürünc medala sahib olub. Ümumilikdə, 48 xal toplayan yığma, komanda hesabında 4-cü pillədə qərarlaşıb. İlk üçlükdə isə Gürcüstan, Türkiyə və Rusiya yığmaları yer alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi