Yuxarı

Azərbaycan güləş yığmalarının Avropa çempionatı üçün heyətləri açıqlanıb

Riqaya 22 pəhləvan yollanacaq

Bakı. 1 mart. REPORT.AZ/ Martın 8-də Latviyanın paytaxtı Riqada start götürəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandalarının heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, altı gün davam edəcək yarışda ümumilikdə 22 pəhləvan mübarizə aparacaq. 

Sərbəst güləşçilərin mübarizəsinə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Qitinomaqomed Hacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qatılacaq. Yığma komanda çempionatda çıxış edəcək. 

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında qadın güləşçilərdən ibarət heyətə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Yuliya Ratkeviç (60 kq) və Gözəl Zutova (69 kq) daxil edilib.

Yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında isə Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Həsən Əliyev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) çıxış edəcək. 

Çempionatın proqramına əsasən, 8 - 11 martda sərbəst və qadın güləşi, 12-13 martda isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək. İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri isə saat 21:00-da başlayacaq. 

Görüşlərin idarə edilməsində Azərbaycanı I-S dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edəcək.

Martın 7-də isə Dünya Güləş Birliyi Avropa Şurasının Konfransı keçiriləcək. İclasda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi