Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dekabrın 24-də yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
"Report"un xəbərinə görə, Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.
Tədbirdə Azərbaycan Gimnastika Federasiyası (AGF) bir qrup idmançı, məşqçi və mütəxəssisi xatirə medalları ilə təltif edib. Xatirə medalı federasiyanın İcraiyyə Komitəsinin iclasında təsis olunub.
Qızıl medala AGF İcraiyyə Komitəsinin sabiq üzvü Arif Qafarov, gümüş medala "Bakı-2015" I Avropa Oyunlarında 5 medal qazanmış idman gimnastı Oleq Stepko və şəxsi məşqçisi Pavel Netreba layiq görülüb.
Bürünc medallara isə Mariana Vasilyeva, Marina Durunda, Anastasiya Prosolova, İlya Qrişunin, Petro Paxnyuk, Eldar Səfərov, qrup hərəkətləri komandası, Vladimir Şulenin və digərləri layiq görülüb.
*** 15:28
Bakı. 24 dekabr. REPORT.AZ/ Milli Gimnastika Arenasında (MGA) Azərbaycan Gimnastika Federasiyasının (AGF) hesabat-seçki xarakterli VI ümumi yığıncağı keçirilib. "Report"un məlumatına görə, əvvəlcə dövlət himni səsləndirilib və hesabat dövründə dünyasını dəyişən gimnastika ailəsi üzvlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
AGF-nin vitse-prezidenti Altay Həsənov iclasda nümayəndələrin 93 faizinin iştirak etdiyini bildirib. O, ötən 5 il müddətində görülmüş işlərdən danışıb. A.Həsənov hazırda Azərbaycanda gimnastikanın bütün 7 növünün inkişaf etdirildiyini bildirib. Federasiya rəsmisi MGA-nın da bu müddətdə istifadəyə verildiyini və bir çox xarici ölkələrdən gimnastların bu arenaya təlim-məşq toplanışına gəldiklərini bildirib.
"Bakı-2015" I Avropa Oyunlarında da Azərbaycan gimnastlarının uğurla çıxış etdiklərini bildirən A.Həsənov idman gimnastı Oleq Stepkonun 5 medalla tarixə düşdüyünü xatırladıb. O, Oleq Stepko və Marina Durundanın artıq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazandığını vurğulayıb. Federasiya rəsmisi bildirib ki, "Rio-2016"da Azərbaycanın tarixdə ilk dəfə 2 idman gimnastı ilə təmsil olunma şansı var.
Beynəlxalq qurumlarda da yüksək səviyyədə təmsil olunduqlarını söyləyən A.Həsənov baş katib Fərid Qayıbovun Avropa Gimnastika Federasiyasının vitse-prezidenti seçildiyini xatırladıb. O, Bakı ilə yanaşı, 10 regionda da gimnastika bölmələrinin fəaliyyət göstərdiyini söyləyib.
Son 5 ildə Azərbaycan gimnastikasına 11 milyondan artıq vəsait qoyulduğunu deyən A.Həsənovun bu vəsaitə müxtəlif inventarların alınması, yeni bölmələrin açılması, məşqçilərin işə cəlb olunması, peşəkar səviyyələrinin artırılması, beynəlxalq yarışlarda iştirak və digər məsələlər daxildir.
Gündəlikdə duran növbəti məsələ AGF-nin hazırkı İdarə Heyətinin yenidən seçilməsi və ölkədə gimnastikanın inkişafı istiqamətində gələcək fəaliyyət planı olub. Ölkənin birinci xanımı Mehriban Əliyeva növbəti 5 il müddətinə yekdilliklə federasiya prezidenti seçilib. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəis müavini Altay Həsənov vitse-prezident, Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva İcraiyyə Komitəsinin üzvləri seçilib.