Azərbaycan Gimnastika Federasiyası 2017-ci ildə əldə etdiyi nailiyyətləri açıqlayıb

Azərbaycan Gimnastika Federasiyası 2017-ci ildə əldə etdiyi nailiyyətləri açıqlayıb Bakı. 30 dekabr. REPORT.AZ/ 2017-ci il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir çox əlamətdar hadisələr və mühüm tədbirlərlə yadda qalıb.
Fərdi
30 Dekabr , 2017 17:41
Azərbaycan Gimnastika Federasiyası 2017-ci ildə əldə etdiyi nailiyyətləri açıqlayıb

Bakı. 30 dekabr. REPORT.AZ/ 2017-ci il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir çox əlamətdar hadisələr və mühüm tədbirlərlə yadda qalıb.

"Report"un AGF-nin rəsmi saytına istinadən məlumatına görə, ilin əvvəlində ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə qitələrarası hakimlik kursları, ardınca isə FIG-nin bədii gimnastika və kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları Bakıda keçirilib. Bu və digər beynəlxalq hakimlik kurslarında Azərbaycan təmsilçiləri müxtəlif hakimlik kateqoriyalarına yiyələniblər. Hazırda ölkədə gimnastikanın bütün növləri üzrə beynəlxalq dərəcəli hakimləri var. Onlardan Rza Əliyev Azərbaycan gimnastika tarixində ən yüksək - 1-ci dərəcəli beynəlxalq kateqoriyaya sahib olan ilk hakimdir. Kamil Quliyev isə batut gimnastikası üzrə dünya çempionatında ilk Azərbaycan hakimi olaraq çıxışların qiymətləndirilməsində iştirak edib.

Bu il də AGF gimnastikanın 3 növü üzrə Dünya Kuboku mərhələlərini təşkil edib. Bu il Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku, ardınca isə növbəti beynəlxalq turnir - kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçirilib. Son olaraq isə Azərbaycan bədii gimnastika üzrə Dünya Kuboku mərhələsinə ev sahibliyi edib.

Bundan başqa, Bakıda FIG-in Şura iclası keçirilib. Həmin Şura çərçivəsində federasiya prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olunub.

Daha sonra paytaxtda ilk dəfə IV İslam Həmrəyliyi Oyunları təşkil edilib. Oyunların proqramına ilk dəfə daxil edilmiş gimnastika yarışlarında bədii gimnastika növü üzrə, ümumilikdə, 4 qızıl, 2 gümüş və 2 bürünc medal, idman gimnastikası üzrə 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanılıb.

Bu il gimnastika növləri üzrə yığma komandaların beynəlxalq turnirlərdə qazandıqları 96 medaldan (34 qızıl, 32 gümüş və 30 bürünc) ən mühümləri ölkə gimnastika tarixində ilk dəfə batut gimnastikası və tamblinq üzrə 25-ci Dünya Yaş Qrupu Yarışlarında tamblinqçi Mixail Malkinin qızıl medalı və akrobatika gimnastikasında qarışıq cütlüklərin (Ağasif Rəhimov - Nurcan Cabbarlı, Abdulla Əl Məşayxi - Ruhidil Qurbanlı) Avropa çempionatında əldə etdikləri 3 bürünc medal olub.

İlin önəmli hadisələrindən biri də AGF-nin 3-cü dəfə FIG tərəfindən "Fərqlənən” federasiyaların reytinq siyahısına daxil olmasıdır.

2017-ci ilin ən mühüm xəbəri isə elə məhz dekabr ayına təsadüf edib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci Konqresi çərçivəsində keçirilən prezident seçkisində Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov UEG prezidenti seçilib. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva F.Qayıbovu təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıblar.

Daha sonra F.Qayıbov yeni vəzifəsi ilə əlaqədar AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq, AGF-nin baş katibi vəzifəsindən istefa verib və bu vəzifəyə Federasiyanın baş katibinin müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.

Hər il olduğu kimi, bu dəfə də Federasiya yeni il ərəfəsində bütün gimnastikasevərləri yenidən bir araya toplayıb. Gimnast və məşqçilərin iştirakı ilə baş tutan "Evdə tək” adlı bayram şousu bütün tamaşaçılara əyləncəli anlar yaşadıb. Dekabrın son həftəsində isə Federasiyanın 15 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaq təşkil edilib. Yığıncaqda gimnastika sahəsində nailiyyətlərinə və xidmətlərinə görə fərqlənən bir sıra şəxslərə xatirə medalları təqdim olunub. Bununla da AGF 2017-ci ilə yekun vurub.

Son xəbərlər

Orphus sistemi