​Azərbaycan cüdoçusu Olimpiadaya son lisenziya xarakterli "World Masters" turnirində finala yüksəlib

​Azərbaycan cüdoçusu Olimpiadaya son lisenziya xarakterli "World Masters" turnirində finala yüksəlib İlk yarış günündə Azərbaycanın 2 təmsilçisi tatami üzərinə çıxıb
Fərdi
28 May , 2016 05:03
​Azərbaycan cüdoçusu Olimpiadaya son lisenziya xarakterli World Masters turnirində finala yüksəlib

Bakı. 28 may. REPORT.AZ/ Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turnirinə start verilib.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 2 təmsilçisi tatami üzərinə çıxıb.

60 kq. çəki dərəcəsində yer alan Orxan Səfərov əvvəlcə türkiyəli Bekir Özlü, ardından Avropa çempionatının finalında uduzduğu fransalı Valid Hyarı məğlub edib. Səfərov qızıl medal uğrunda görüşdə daha bir fransalı Vensan Limarla üz-üzə gələcək.

66 kq. çəkidəki Nicat Şıxəlizadə mübarizəyə 1/8 finaldan qoşulub. O, ilk görüşündə italiyalı Fabio Bazileyə qalib gəlsə də, 1/4 finalda monqolustanlı Tumurxuleq Davadorja uduzub. İlk təsəlliverici görüşdə Şıxəlizadə yaponiyalı Tomofumi Takajonu yenib. Təcrübəli cüdoçu bürünc medal uğrunda görüşdə portuqaliyalı Sergey Oleyniklə qarşılaşacaq.

Yarışın ikinci günündə 73 kq çəkidə Rüstəm Orucov 1/8 finalda Viktor Skvortovla (BƏƏ) üz-üzə gələcək.

Son yarış günündə isə Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq. 90 kq-da Məmmədəli Mehdiyev 1/8 finalda kubalı Eşli Qonzaleslə qüvvəsini sınayacaq. 100 kq çəkidə Elmar Qasımov Braziliyadan olan Lusiano Korreanı, Elxan Məmmədov isə kubalı Xose Armenterosu məğlub etməyə çalışacaq. Hər iki cüdoçu 1/8 finaldan mübarizəyə qoşulacaq. 1/16 finaldan çıxış etməyə başlayacaq Uşangi Kokauri (+100 kq) isə mərhələ adlamaq üçün kubalı Aleks Qarsiya Mendozanı məğlub etməlidir.

Qızıl medalçılar 6 000 dollar və 700 lisenziya xalı, gümüş medalın sahibləri 420 lisenziya xalı və 4 000 dollar, üçüncü pilləni tutan idmançılar 280 lisenziya xalı və hərəyə 2000 dollar mükafat alacaq. 5 və 7-ci pillərlərin sahibləri müvafiq olaraq 140 və 112 lisenziya xalı əldə edəcək. Bir qələbəyə isə 28 lisenziya xalı verilir.

Qeyd edək ki, bu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından öncə sonuncu yarışdır. Turnirin ardından Beynəlxalq Cüdo Federasiyası olimpiadaya lisenziya qazananların siyahısını rəsmən açıqlayacaq.

Son xəbərlər

Orphus sistemi