Məmmədəli Mehdiyev: "Əvvəlki baş məşqçi idmançılara çox yüklənirdi"

Məmmədəli Mehdiyev: "Əvvəlki baş məşqçi idmançılara çox yüklənirdi" Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-pridə qızıl medal qazanmış Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyevin (90 kq) "Report"a müsahibəsi
Fərdi
178
28 Sentyabr , 2021 15:11
Məmmədəli Mehdiyev: Əvvəlki baş məşqçi idmançılara çox yüklənirdi
Məmmədəli Mehdiyev

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Qran-pridə qızıl medal qazanan Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyevin (90 kq) "Report"a müsahibəsi

- Tokio-2020 Yay Olimpiyada Oyunlarından sonra qatıldığınız ilk yarışda komanda yoldaşınız Hidayət Heydərovla (73 kq) birlikdə qızıl medal qazandınız. Hansı hissləri keçirirsiniz?
- Çox xoşbəxtəm. Olimpiadadakı uğursuzluqdan sonra bu qələbə mənə motivasiya verdi. Həm də yarışdan sonra 27 sentyabr - Anım Günü idi. Müharibənin il dönümündə, mən və Hidayət bunun motivasiyası ilə qalib gəldik.

- Hidayət Heydərovun daha əvvəl öz çəkisində birinci yeri tutması sizə əlavə stimul verdimi?
- Hidayət qızıl medal qazandıqdan sonra gecə yatmaq bir az çətin oldu. Mən də onun kimi qızıl medalı hədəfləyirdim və Vətənə iki medalla qayıtmaq istəyirdik. Sevinirəm ki, hər ikimiz zəfər çaldıq.

- Olimpiadadan sonra ilk yarışlara çox vaxt güclü idmançılar qatılmır. Bu baxımdan, Zaqreb Qran-prisinin səviyyəsi necə idi?
- Yarışa elə də güclü cüdoçuların gəldiyini deyə bilməyəcəyəm. Amma yarımfinalda daha əvvəl 3 dəfə uduzduğum rusiyalı Xusen Xalmurzayevlə qarşılaşdım. Ona qalib gələrək finala çıxdım. Finalda isə 81 kq çəki dərəcəsində öz sözünü demiş gürcüstanlı Luka Maisuradze ilə üz-üzə gəldim. O, çəkisini dəyişərək artıq 90 kq-da güləşir. Bu dueldən də qalib ayrıldım. Yarışın o qədər də çox zəif səviyyədə keçdiyini demək olmaz.

- Yay Olimpiya Oyunlarından sonra yığmada baş məşqçi dəyişikliyi gerçəkləşib. Ukraynalı Ruslan Maşurenkonu Mövlud Mirəliyev əvəzləyib. Bu, sizə necə təsir etdi?
- Gördüyünüz kimi, mənim üçün uğurlu alındı. Daha əvvəl də komandamızda baş məşqçidən başqa hamısı yerli idi. Bu dəfə isə sırf hamısı yerli və özümüzünkülərdir. Düşünürəm ki, yerlilərdən başqa heç kim bizə güclü motivasiya verə və cüdoçuları tanıya bilməz. Millidə yalnız azərbaycanlı məşqçilərin çalışması müsbət haldır.

- Əvvəlki baş məşqçi ilə indiki mütəxəssisin hansı fərqli cəhətləri var?
- Fərq odur ki, indi bizi psixoloji olaraq sıxmırlar. Bu, bizə çox böyük üstünlük verir. Psixoloji sıxıntımızın olmaması əlavə üstünlükdür.

- Psixoloji sıxıntı deyəndə nəyi nəzərdə tutursunuz: Ruslan Maşurenko idmançılara çox yüklənirdi?
- Əlbəttə, çox yüklənirdi. "Onu etmə", "bunu etmə", "telefonu qırağa qoy", "onu oynama", "bunu oynama" və s. Biz neçə ildir ki, güləşirik və peşəkar idmançıyıq. Hamımız nəyi necə edəcəyimizi yaxşı bilirik. Telefonun və gəzintinin bizə mənfi təsir etdiyini biliriksə, bunu etməyəcəyik. Çünki peşəkarıq. Ancaq bunu ona çatdırmaq olmurdu. Öz düşüncəsi ilə yaşayır, bunu bizə yeritmək istəyirdi. Ona görə də psixoloji sıxıntılarımız çox olurdu.

- Tokio-2020-yə Maşurenko ilə yox, başqa mütəxəssislə yollansaydınız, nəticə dəyişərdimi?
- Yalançı çıxmamaq üçün bu suala cavab verməyəcəyəm. Çünki 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da baş məşqçimiz əcnəbi Peter Zayzenbaxer idi və mən daha yaxşı çıxış etmişdim. Tokioda da özümü pis çıxış etmirdim, formada idim və hər şey qaydasında idi. Sadəcə, ikinci görüşdə rusiyalı idmançı ilə düşdüm. Onunla vuruşmaq mənə çox qəliz gəlir. Bu səbəbdən, mübarizə apara bilmədim. Hər şeyi məşqçilərin boynuna atmaq da düzgün çıxmaz. 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiadaya hazırlaşacağıq. Yeni məşqçilərlə yaxşı nəticələrin olacağına ümidvaram.

- Medallarınız çox olsa da, çempion olmağınıza az öyrəşmişik. Hətta sizə zarafatca "Bürünc Məmmədəli" də deyənlər var idi. Nəzərə alaq ki, cüdoda Qran-pridən də yüksək səviyyəli yarışlar mövcuddur. Həmin turnirlərdə birincilik şanslarınızı necə qiymətləndirirsiniz?
- Qızıl medalın sayı az olsa da, çalışırıq ki, hər yarışda birinci olaq. Əziyyət çəkirik və məşqləri davam etdiririk. Niyyətimiz hər yarışda qızıl medal qazanmaqdır. Allah hansı medalı yetirərsə, qəbul edirik. Əsas odur ki, ölkəmizi layiqincə təmsil edirik.

- Növbəti hədəflər barədə nə deyə bilərsiniz?
- Məşqçilər icazə versə, Fransa və Bakıdakı Böyük Dəbilqə turnirlərində güləşmək istəyirəm. Bu turnirlərdə də yaxşı nəticə qazanmağa çalışacağam.

Son xəbərlər

Orphus sistemi