Yuxarı
    Bağlamaq

    Azərbaycan cüdoçusu dünya reytinqində mütləq liderliyə yüksəlib

    Rüstəm Orucov ikiqat olimpiya çempionu və dəfələrlə dünya çempionunu geridə qoyub

    Bakı. 12 dekabr. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. 

    "Report"un məlumatına görə, 2016-cı ilin yekun sıralamasında Avropa çempionu, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandıran Rüstəm Orucov (73 kq) yeni nailiyyətə imza atıb. 

    25 yaşlı cüdoçu 3010 reytinq balı yığaraq həm öz çəkisində 1-ci yerini qoruyub, həm də bütün çəki dərəcələri üzrə ən çox xal toplayıb. Orucov neçə ildir bu göstəriciyə görə lider olan, ikiqat olimpiya çempionu və dəfələrlə dünya çempionu fransalı Teddi Rineri (+100 kq, 2800 xal) geridə qoyub.

    "Rio-2016" olimpiadasında Azərbaycana daha bir gümüş medalı qazandıran Elmar Qasımov (100 kq) 2524 xal toplayaraq öz çəki dərəcəsində liderliyini davam etdirir.

    60 kq-dakı Orxan Səfərov da bütün rəqiblərini qabaqlayaraq 1854 xalla liderliyi ələ keçirib. Bu çəkidə mübarizə aparan daha bir cüdoçu İlqar Müşkiyev də 2 pillə irəliləyərək 1073 xalla 12-ci yerdə qərarlaşıb.

    66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə ötən ayla müqayisədə 1002 xal qazanaraq 9-cu pilləyə yüksəlib.

    Digər iki cüdoçu - Məmmədəli Mehdiyev və Uşanqi Kokauri (+100 kq) reytinq cədvəlində öz yerlərini qorumağa müvəffəq olublar. Mehdiyev 806 xal ilə 20-ci, Kokauri isə 866 xalla 18-ci yerdə qərarlaşıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi