Yuxarı

​Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti "Paralimpiya medalı" ilə təltif olunub

Mükafat Sadıq Sadıqova 50 illik yubileyi münasibətilə verilib

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Paralimpiya Komitəsinin rəsmiləri - vitse-prezident Şaiq Həmidov və baş katib Afiq Süleymanov "Neftçi İdman Klubu" İctimai Birliyinin inzibati binasına gələrək klubun idarəetmə aparatının rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovu 50 illik yubileyi münasibətilə təbrik ediblər. "Report"un məlumatına görə, Ş.Həmidov S.Sadıqovun uzun illər Azərbaycan idmanına, eləcə də Paralimpiya Hərəkatına göstərdiyi xidmətdən geniş söhbət açıb və onun fəaliyyətini yüksək qiymətləndirib. 

Yubilyarın ömrünün böyük hissəsinin "Neftçi İdman Klubu" ilə bağlı olduğunu vurğulayan natiq onun idmandakı xidmətlərinə görə dövlət başçısı tərəfindən fəxri ad və medalla təltif olunduğunu qeyd edib. Vitse-prezident səbəbkarı həm də gözəl dost və xeyirxah insan kimi dəyərləndirərək ona cansağlığı, gələcək işlərində müvəffəqiyyətlər arzu etdi.

Sonra A.Süleymanov və digərləri yubilyara ən xoş arzularını çatdırıb, haqqında dəyərli fikirlər səsləndiriblər.

Ardınca Ş.Həmidov S.Sadıqovun Azərbaycan Paralimpiya Hərəkatının inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən "Paralimpiya medalı" ilə təltif olunduğunu söyləyib və mükafatı yubilyara təqdim edib.

Tədbirin sonunda səbəbkar ona göstərdiyi diqqətə görə Paralimpiya Komitəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirib, təltif olunduğu mükafatı özü üçün çox qiymətli saydığını söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi