Azərbaycan çempionatına əcnəbi hakimlər dəvət edilib

Azərbaycan çempionatına əcnəbi hakimlər dəvət edilib Güləş yarışlarını 10-dək beynəlxalq dərəcəli hakim idarə edəcək
Fərdi
9 Dekabr , 2014 16:23
Azərbaycan çempionatına əcnəbi hakimlər dəvət edilib

Bakı. 9 dekabr. REPORT.AZ Dekabrın 13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürəcək sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatına əcnəbi hakimlər dəvət edilib. "Report"un Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşlərin obyektiv və ədalətlə idarə olunması məqsədilə Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimlərinin də köməyindən istifadə olunacaq. 

Artıq Azərbaycan çempionatında ədaləti qorumaq üçün 10-a yaxın beynəlxalq dərəcəli hakim ölkəyə dəvət edilib. Xüsusilə prinsipial qarşılaşmalarda onların xidmətindən istifadə ediləcək. AGF əvvəllər də ölkə çempionatının yüksək səviyyədə təşkili üçün əcnəbi hakimləri yarışlara cəlb edib. 

Proqrama əsasən, dekabrın 12-də saat 16:00-da ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Dekabrın 14-də 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar. Yarışlar hər gün saat 10:00-da başlayacaq. 

Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi dekabrın 13-də saat 17:00-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi