Yuxarı

Azərbaycan çempionatı vaxtı baş vermiş ölüm hadisəsinin təfərrüatları açıqlanıb

İdmançılar yarışa çıxmazdan öncə tibbi arayış almışdılar

Bakı. 28 mart. REPORT.AZ/ Hövsan Olimpiya Kompleksində ölüm hadisəsinin qeydə alındığı yarış qaydasız döyüş yox, pankration üzrə Azərbaycan çempionatı olub. Bu barədə "Report"a kompleksin direktoru Məmməd Eyvazov məlumat verib.

Onun sözlərinə görə, hadisə vaxtı rəhbərlik etdiyi idman qurğusunda eyni vaxtda 3 növ - pankration, üzgüçülük və sambo üzrə yarış keçirilib. M.Eyvazov hadisənin ani baş verdiyini bildirib: "Mən olaydan xəbər tutanda gördüm ki, idmançını maşına qoyub poliklinikaya aparırlar. Huşunu itirdiyi vaxt isə ona ilkin tibbi yardım göstərilərək naşatır spirti verilib. Poliklinika yaxınlıqda olduğundan, "Təcili yardım" maşınının idman zalından kənarda gözlədilməsinə ehtiyac olmayıb. Elə özləri tez maşına qoyaraq aparıblar".

M.Eyvazov bildirib ki, kompleks rəhbəri olaraq yarış zamanı baş verənlərə cavabdehlik daşımır: "Biz yarışın keçirilməsinə şərait yaradırıq, təşkilatçı isə Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasıdır".

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov "Report"a açıqlamasında hamının xoşagəlməz hadisədən təsirləndiyini bildirib: "Biz dövlət qeydiyyatından keçmiş federasiyayıq və artıq 8-ci ildir çempionat keçiririk. Pankration isə peşəkar yox, həvəskar idmançılar arasında keçirilir. Bu dəfə də idmançılar yarışa çıxmazdan öncə tibbi arayış almışdılar. Bu, hamının başına gələ biləcək bir qəzadır. Hamımız hadisədən təsirlənmişik, başımızı itirmişik. Valideyni də deyir ki, oğlumun 27 yaşı var, yarışa gedib. Başına belə iş gəlib".

A.Əsgərov hadisəni belə nəql edib: "Dünyasını dəyişən idmançı Ramin Zeynalovun rəqibi sumqayıtlıdır. Hər ikisi idmançıdır, uşaq deyil, 27 yaşları var. Müxtəlif idman növləri üzrə medal və diplomlarla təltif olunublar. 18-dən aşağı yaşları olsaydı, deyərdik ki, yarışa aldadıb çıxarıblar. Həkimdən də tibbi arayışları var idi. Hadisə də hansısa zərbə nəticəsində yox, güləşdikləri vaxt baş verdi. Kadrlar internetə qoyulub. O biri bunun ayağına girdi və yıxıldılar. Bu zaman rəqibi onun sinəsi üstünə düşdü. Həkimlər də gələrək ilkin tibbi yardım göstərdirlər".

Federasiya rəsmisinin sözlərinə görə, "Təcili yardım" maşını gələnədək idmançını özləri yaxınlıqdakı poliklinikaya aparıblar: "Ora getdiyimiz vaxt "Təcili yardım" maşını gəldi. "Təcili yardım" qapının ağzında dayana bilməz ki... Hansı həvəskar yarışda "Təcili yardım" maşını bayırda dayanır? Maşın gələnədək özümüz bayıra çıxardıq ki, bəlkə ürəyi sıxılıb, hava alsın. Oradan da poliklinikaya apardıq. Həmin vaxt hələ keçinməmişdi. Biz kömək göstərmək istədik".

Hazırda faktla bağlı araşdırmanın getdiyini deyən A.Əsgərov hər şeyə ekspertiza rəyindən sonra aydınlıq gələcəyini bildirib.

Qeyd edək ki, martın 27-də Hövsan Olimpiya Kompleksində keçirilən Azərbaycan çempionatı vaxtı ölüm hadisəsi baş verib. Quba rayonunun 27 yaşlı sakini Ramin Zeynalov döyüş vaxtı ölüb. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi