Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda təşkil olunan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Təsnifat Turnirində bu gün Azərbaycan boksçularından 2-si növbəti döyüşlərini keçirəcək. "Report"un məlumatına görə, Kamran Şahsuvarlı (75 kq) ilə Teymur Məmmədov (81 kq) 1/4 final görüşünə çıxacaq.
Şahsuvarlı irlandiyalı Maykl O Rilli ilə, Məmmədov mərakeşli Hassan Saadla üz-üzə gələcək. Döyüşləri qələbə ilə başa vuracaq boksçu olimpiadaya lisenziya qazanacaq.
Azərbaycanın daha bir təmsilçisi Rüfət Hüseynov (49 kq) isə iyunun 24-də yarımfinalda meksikalı Xoselito Velaskes Altamirano ilə qarşılaşacaq. Bu çəkidə finala yüksələn boksçu "Rio-2016"ya vəsiqə əldə edəcək.
Qeyd edək ki, Dünya Təsnifat Turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir. 75 kq. və 81 kq. çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət komanda olimpiadaya tam heyətlə qatılacaq.