Yuxarı

​Azərbaycan boksçuları Avropa Təsnifat Turnirində 5 medal və 5 olimpiya lisenziyası qazanıb

Türkiyənin Samsun şəhərində keçirilən turnirə yekun vurulub

Bakı. 17 aprel. REPORT.AZ/ Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Təsnifat Turnirinə yekun vurulub.

"Report"un məlumatına görə, bu gün Azərbaycanın 4 boksçusu rinqə çıxıb.

Əvvəlcə qadınların mübarizəsində 60 kq çəki dərəcəsində Yana Alekseyevna italiyalı İrma Testa ilə finalda üz-üzə gəlib. Alekseyevna görüşü qələbə ilə başa vuraraq, ölkəmizin aktivinə daha bir qızıl medal yazdırıb.

Kişilərin yarışında 91 kq çəkidə çıxış edən Abdulqadir Abdullayev Ukraynanı təmsil edən erməni Gevorq Manukyanla 3-cü yer uğrunda görüşdə üz-üzə gəlib. Abdullayev rəqibi 2:1 hesabı ilə məğlub edərək, bürünc medalla yanaşı, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Əslində iki boksçu "Bakı 2015" I Avropa Oyunlarının finalında da görüşməli idi. Amma həmin vaxt Manukyan zədəli olduğunu səbəb göstərərək, rinqə çıxmamışdı.

Axşam proqramında Azərbaycan təmsilçilərindən Lorentso Sotomayor (64 kq) litvalı Evaldas Petrauskasa 3:1 hesabı ilə qalib gəlib. Məhəmmədrəsul Məcidov (+91 kq) isə böyük britaniyalı Jozef Yoysa uduzub - 1:2.

Beləliklə, Azərbaycan boksçuları Avropa Təsnifat Turnirini 3 qızıl, 1 gümüş, 1 bürünc medal və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 5 lisenziya ilə başa vurub. Alekseyevna və Sotomayordan əlavə, Cavid Çələbiyev (56 kq) də qızıl medala sahib çıxıb. Məcidov gümüş, Abdullayev bürünc medal qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi