Azərbaycan Boks Federasiyası millidə ayrıseçkilik ittihamlarına aydınlıq gətirib

Azərbaycan Boks Federasiyası millidə ayrıseçkilik ittihamlarına aydınlıq gətirib "Öz çəkimdə Azərbaycanda bir nömrəyəm. Yəni, qarşımda dayanan boksçu yoxdur. Məsələn, mən olimpiadada medal qazanan Alfonso Domingesdən həm qat-qat güclüyüəm, həm də ondan çox məşq edirəm və ondan daha yaxşı vuruşaraq, medal götürə bilərəm".
Fərdi
10 Avqust , 2021 15:29
Azərbaycan Boks Federasiyası millidə ayrıseçkilik ittihamlarına aydınlıq gətirib
Cavid Çələbiyev

"Öz çəkimdə Azərbaycanda bir nömrəyəm. Yəni qarşımda dayanan boksçu yoxdur. Məsələn, mən olimpiadada medal qazanan Alfonso Domingesdən həm qat-qat güclüyəm, həm də ondan çox məşq edirəm və ondan daha yaxşı vuruşaraq, medal götürə bilərəm".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) deyib.

O bildirib ki, Azərbaycan Boks Federasiyası (ABF) legionerlərlə müqayisədə azərbaycanlı boksçulara dəstək olmur: "Olimpiadada dəstəksiz uğur qazanmaq mümkün deyil. Bu gün həmin "Qarabala" (Alfonso Dominges - red.) bizim adımızdan döyüşür, cəmi 2 döyüş keçirərək, 3-cü yerə çıxır. İdmandan başı çıxmayanlar da baxıb, "Legioner olimpiadada medal qazandı" deyərək, onu təbrik edirlər. Amma bilmirlər ki, Azərbaycanın əsl igid oğlanları zərrə qədər dəstək almırlar. Ona görə də kənarda qalırıq. Hansısa "Qarabala"ya isə kömək edirlər. Bunun kimlərə sərf etdiyini özləri yaxşı bilirlər. Hər şey federasiya rəhbərliyindən asılıdır, bunu onlar edirlər".

29 yaşlı idmançının sözlərinə görə, legionerlər öz kefindədir, dünya-aləm onların vecinə deyil: "Legionerlər ürəkləri istədiyi kimi məşq edirlər. Biz isə canımızı qoyub hazırlaşırıq. Sonda da hansısa sürprizlə qarşılaşırıq. "Qarabala" elə sevinir ki, insanlar deyir, Azərbaycanda yerli boksçu yoxdur. Halbuki, öz adımdan danışıram, olimpiadada finala çıxa biləcək boksçuyam. Amma dəstək yoxdur. Legioner zəif döyüşə-döyüşə 3-cü yeri tutur, biz isə medalsız qalırıq. Özünüz də gördünüz ki, yarımfinalda kubalı Arlen Lopes Domingesi noqdauna saldı. Biz Domingesdən də artıq idmançıyıq. Sadəcə, yerli idmançılara soyuq, legionerlərə isə isti münasibət göstərirlər. Fərq bundadır. Sonra da deyirlər ki, Azərbaycanda boks yoxdur. Yerli idmançıya bu cür münasibətdən sonra, əlbəttə, boks olmayacaq".

Çələbiyevin fikirlərinə cavab olaraq, ABF-dən "Report"a bildirilib ki, komandada hansısa ayrıseçkilikdən söhbət gedə bilməz: "Cavid Çələbiyev Azərbaycan milli komandasının liderlərindəndir, dünya çempionumuzdur. Titullarına baxmayaraq, nəinki o, bütün yaş qrupları üzrə yığmalarda yer alan boksçular bizim üçün eynidir. Çünki onların hər birinin uğuruna inanırıq. Sadəcə “dəstək olmalıdır” ifadəsi bir qədər anlaşılan deyil. Çünki yığmanın hər bir üzvünə eyni şərait yaradılır və eyni dəstək göstərilir. Mümkün deyil ki, komandada hansısa ayrıseçkilikdən söhbət getsin. Çələbiyev Tokio-2020-yə hazırlıq dövründə də digərləri ilə eyni təlim-məşq toplanışlarında iştirak edib. O, komandamızla birgə 1 - 17 fevralda Beyləqanda, 26 fevral – 15 martda Türkiyədə, 21 aprel – 4 mayda Sumqayıtda, 7 - 31 mayda Özbəkistanda, 21 iyun – 3 iyulda Bakıda, 3 - 18 iyulda İtaliyada təlim-məşq toplanışlarında olub. Həmçinin 15 - 21 martda İstanbulda beynəlxalq turnirdə və 1 - 9 iyunda Parisdə lisenziya turnirində iştirak edib. Göründüyü kimi, burada hansısa fərqləndirilməkdən söhbət gedə bilməz. Alfonso Domingesin Tokio-2020 Olimpiadasına 1/8 finaldan başlamasına və iki döyüşdən sonra medal qazanmasına gəlincə, bunun səbəbini bütün bokssevərlər bilirlər. Bunu Beynəlxalq Olimpiya Komitəsi (IOC) reytinqə əsasən müəyyənləşdirir. Heç Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) da bu məsələyə müdaxilə etmir. Hakimləri də IOC təyin edir və son məqama kimi adlarını belə, açıqlamır. Hər şey bu qurumun nəzarəti altında keçirilir”.

Qeyd edək ki, Cavid Çələbiyev Tokio olimpiadasında 1/4 finalda ermənistanlı Ovanes Baçkova uduzaraq, mübarizəni dayandırıb. Alfonso Dominges isə yarımfinaladək irəlilədiyi üçün bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi