Millimizin legioneri: "Erməni ilə rəqabətin hansı prinsipiallığı ola bilər?" - MÜSAHİBƏ

Millimizin legioneri: "Erməni ilə rəqabətin hansı prinsipiallığı ola bilər?" - MÜSAHİBƏ Aleksis Kopellonun "Report"a müsahibəsi
Fərdi
11 Mart , 2021 15:04
Millimizin legioneri: Erməni ilə rəqabətin hansı prinsipiallığı ola bilər? - MÜSAHİBƏ
Aleksis Kopello

Azərbaycan millisinin Kuba əsilli atleti, Polşanın Torun şəhərindəki Qış Avropa çempionatında üç təkanla tullanmada gümüş medal qazanmış Aleksis Kopellonun "Report"a müsahibəsi

- Əvvəlcə qazandığınız titulla bağlı təəssüratlarınızı bilmək istərdik. Həmin vaxt hansı hissləri keçirdiniz?

- Bu, mənim üçün olduqca vacib medaldır, böyük məna kəsb edir. Çünki belimdəki zədə səbəbindən əvvəlki Avropa çempionatından imtina etmişdim. İki il sonra arzuma çatdım. Bu mənada, mənim üçün dəyərli tituldur. Təbii ki, çox sevinirəm. İnanıram ki, davamı gələcək.

- Qızıl medal qazanmağınıza nə mane oldu?

- Əslində Avropa çempionatına qızıl medal üçün yollanmışdım. Rəqiblərim çox güclü idi və yarışa yaxşı hazırlaşmışdılar. Əlimdən gələni etsəm də, təəssüf ki, birinci ola bilmədim.

- Yarışın qalibi həmyerliniz Pablo Piçardo oldu. Hazırda Portuqaliyanı təmsil edən idmançı ilə daha əvvəl Kuba yığmasında rəqib olmusunuz?

- Biz heç vaxt onunla eyni vaxtda yığmada çıxış etməmişik. Ona görə də rəqib olmamışıq.

- Ümumi götürsək, yarış necə keçdi: Çətin, yoxsa asan?

- Düşünürəm ki, həyatda heç nə asan qazanılmır. Hər idmançı kimi rəqabət baxımından müəyyən çətinliklər oldu. Amma sevindirici haldır ki, sonda hər şey yaxşı bitdi.

- Bu, pandemiya dövründə iştirak etdiyiniz ilk yarış oldu. Turnir əvvəlkilərdən nə ilə fərqlənirdi?

- Açığı, boş tribunalar qarşısında rəqabət aparmaq çox qəribə hissdir. Düşünürəm ki, yeganə fərq bundadır. Amma bu, tək mənə aid deyil. Bütün atletlər üçün şərtlər eyni idi.

- Koronavirus testləri, maska və sərt qaydalar yarış vaxtı sizə necə təsir edirdi?

- Bunun elə də ciddi təsir göstərdiyini düşünmürəm. Azarkeşlər istisna olmaqla, hər şey demək olar ki, pandemiyadan öncəki kimidir.

- Hazırda Azərbaycanda əsas rəqibiniz Nazim Babayevdir. Onunla rəqabət yüksək nəticələrə nə dərəcədə təsir edir?

- Yaxşı atletlərlə mübarizə aparmaq hər zaman müsbət məqamdır. Bu, daha çox həyəcan və həvəs deməkdir. Həm də daha uğurlu nəticələr qazanmağa imkan verir.

- Yeri gəlmişkən, 2 il öncə Nazim Babayev Avropa çempionatında qızıl medal qazanmışdı. Sizcə, niyə bu dəfə nəticə nisbətən zəif oldu?

- Rəqiblər hər il eyni səviyyədə olmurlar. Siz gümüş medalı zəif nəticə hesab edirsinizsə, fikrinizə hörmətlə yanaşıram. Hər il rəqiblər yarışa daha da ciddi hazırlaşırlar. Əsas səbəb budur.

- Əlbəttə, gümüş medal da zəif nəticə deyil. Sadəcə, 2 il öncəki ilə müqayisədə daha aşağı nəticədir...

- Bayaq da qeyd etdiyim kimi, hər yarışın öz tarixçəsi olur.

- Avropa çempionatında üstələdiyiniz rəqiblərdən biri Ermənistan təmsilçisi Levon Ağasyan oldu. Bu, sizin üçün nə dərəcədə prinsipial məsələdir?

- Bütün rəqiblərimə hörmətlə yanaşıram. Mən yalnız öz nəticələrim üçün yarışıram.

- Amma gəlin, unutmayaq ki, siz həm də Azərbaycan üçün mübarizə aparırsınız...

- Əlbəttə, bunu mən də bilirəm.

- Belədirsə, onda erməni ilə rəqabət sizin üçün sıradan bir şey ola bilməz...

- Mənim üçün hansı prinsipiallıq ola bilər? Yenə deyirəm, mən özüm və təmsil etdiyim ölkə üçün ən yaxşı nəticəni qazanmaq üçün yarışıram.

- Ötən ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycana necə dəstək oldunuz?

- İdmançının ən böyük dəstəyi beynəlxalq arenada qazandığı uğurlardır.

Son xəbərlər

Orphus sistemi