Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi dopinq cəzası ilə əlaqədar görüşə yollanacaq

Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi dopinq cəzası ilə əlaqədar görüşə yollanacaq Görüş noyabrın 13-də Qazaxıstanın paytaxtı Astanada gerçəkləşəcək
Fərdi
24 Oktyabr , 2017 14:18
Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi dopinq cəzası ilə əlaqədar görüşə yollanacaq

Bakı. 24 oktyabr. REPORT.AZ/ Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin qərarı ilə bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilən 9 ölkənin milli federasiyalarının nümayəndələri ilə görüş keçiriləcək. “Report” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, görüş noyabrın 13-də Astanada gerçəkləşəcək.

IWF-in bayrağı altında baş tutacaq antidopinq konfransında qurumun nümayəndə heyəti üç nəfərdən ibarət olacaq. Qazaxıstan paytaxtına təşkilatın prezidenti Tamaş Ayan, baş katib Məhəmməd Calud və IWF-nin Anti-Dopinq Komissiyasının sədri Patrik Şamaşın yollanacağı gözlənilir.

IWF İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş iclasında Azərbaycan, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynanın bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub. Buna səbəb sözgedən ölkələrin 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarında dopinq-testin təkrar analizlərinin müsbət nəticə verməsidir.

Müstəqil nəzarət qrupu yarışlardan kənarlaşdırılan federasiyaların bütün dövr ərzində vəziyyətini qiymətləndirəcək. Bu qrup federasiyaların IWF-in təşkil etdiyi yarışlarda qismən iştirakı haqda qərar qəbul edə bilər.

Artıq Türkiyə və Çin bu yöndə çalışmalara başlayıb. Türkiyənin Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamer Taşpınar məsələ ilə bağlı “Ajansspor”a bildirib ki, cəzalarının 7-8 aya endirilməsi mümkündür. Bu baş verərsə, türkiyəli idmançılar 2018-ci il Akdeniz Oyunlarına qatıla biləcəklər. Lakin istənilən halda Türkiyə 2018-ci ilin martın 23-dən aprelin 1-dək keçiriləcək Avropa çempionatına ev sahibliyi edə bilməyəcəklər.

Türkiyənin Ağırlıqqaldırma Federasiyasının rəsmiləri 15 - 22 oktyabrda Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa çempionatında 26 medal qazanmalarını cəza endirimi üçün müsbət hal olacağını düşünürlər. Üstəlik, Türkiyə və Çinin ən az sayda – 3 idmaçısı cəzaya məruz qalıb.

Qeyd edək ki, cəzaya məruz qalan ölkələrin idmançıları 2017-ci ilin noyabrın 27-dən dekabrın 5-dək keçiriləcək dünya, 2018-ci ilin martın 23-dən aprelin 1-dək təşkil olunacaq Avropa çempionatından kənarda qalacaqlar.

Xatırladaq ki, Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.

Son xəbərlər

Orphus sistemi