Azər Məhərrəmov: "Yaxın zamanda "qara bazar"la bağlı addımlar atılacaq" - MÜSAHİBƏ

Azər Məhərrəmov: "Yaxın zamanda "qara bazar"la bağlı addımlar atılacaq" - MÜSAHİBƏ "Azəridmanservis"in direktoru: "İyulda yeni məhsulumuzla bağlı məlumat verəcəyik"
Fərdi
5 İyun , 2015 11:01
Azər Məhərrəmov: Yaxın zamanda qara bazarla bağlı addımlar atılacaq - MÜSAHİBƏ

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycanda idman lotereyası, idman mərc oyunlarının (totalizator) keçirilməsindən daxil olan vəsaitlərə nəzarət məqsədilə yaradılmış "Azəridmanservis" Dövlət Müəssisəsinin direktoru Azər Məhərrəmovun "Report"a müsahibəsi:

- AFFA ilə əməkdaşlığınız hansı səviyyədədir?

- Bildiyim qədərilə Azərbaycanda futbol inkişaf edir. AFFA ilə çox gözəl əməkdaşlığımız var. Həm kağız üzərində əməkdaşlıq edirik, həm də qeyri-formal, insani körpülər yaradılıb.

- Artıq "Topaz"ın Peşəkar Futbol Liqası ilə Azərbaycan Premyer Liqasına sponsorluğa dair müqaviləsi başa çatır. Anlaşmanın uzadılacağı gözlənilir?

- Bu sualı "Azərinteltek" şirkətinə ünvanlamaq lazımdır. İndiyədək bu əməkdaşlıq üçtərəfli - Gənclər və İdman Nazirliyindən "Azəridmanservis", mərc oyunları operatoru "Azərinteltek" və AFFA-nın əməkdaşlığı uğurla getdi. Onun gələcəyi və taleyi haqda suala cavab yaxşı olardı ki, üçlükdə verilsin. Təkbaşına cavab verməyim yaxşı alınmaz. Sadəcə, Gənclər və İdman Nazirliyinin təmsilçisi kimi dəstəyimi verə bilərəm. Deyə bilərəm ki, bəli, gənclər və idman naziri Azad Rəhimov da bu əməkdaşlığı dəstəkləyir. İstərdik ki, bunu davam etdirək.

- Yeni layihələrinizlə bağlı nə deyə bilərsiniz?

- İşimiz davam edir. Bu sahədə yenilik yoxdur. İyulda yeni məhsul olacaq. Bu barədə məlumat veriləcək. O mənada ki, seçim siyahısında yeni məhsullar ola bilər. Proqram üzərində işlər gedir. Bu, Türkiyədə və Yunanıstanda tətbiq olunacaq. Azərbaycan tərəfi də qəbul edərsə, yaxın aylarda burada da tətbiq ediləcək.

- "Topaz"la bağlı müəyyən fikirlər səsləndirilir, onun insanlara problemlər yaratdığı, ailələrin dağılmasına səbəbkar olduğu və s. bildirilir. Hətta məsələ Milli Məclis səviyyəsində də qaldırılıb...

- Belə fikirlərə dəfələrlə münasibət bildirilib. Eyni sözləri təkrarlamaq istəmirəm. Bir şeyi deyə bilərəm ki, burada çox ciddi nəzarət altında iş aparırıq. "Topaz"da 18+ (18 yaşdan yuxarı - red.) şərti var. Bu, çox vacib şərtdir. Topaz məntəqələrinin məktəblərdən uzaqda olması şərti var. Bunun xeyiri idmana, vergiyə gedir və dövlətin müəyyən qurumları faydalanır. Faydalanırsa, ən azı bu, "Topaz"ın "qara bazar" üzərində üstünlüyü deməkdir. "Qara bazar" kriminal bir şeydir. Onun pulunun hara getdiyi, kimlər tərəfindən işlədildiyi bilinmir. Üstünlüyümüz odur ki, biz dövlətin layihəsiyik. Dövlət layhəsi altında, Nazirlər Kabinetinin sərəncamı əsasında fəaliyyət göstəririk. Hər bir "Topaz" dillerlərinə də kamera qoyulub. Yoxlanılır ki, kim gəlir-gedir, yaşa nəzarət edilirmi... Yəni, ciddilik müəyyən dərəcədə təmin olunub.

- Amma hələ də "qara bazar" ləğv olunmayıb...

- Bu, Gənclər və İdman Nazirliyinə ünvanlanası sual deyil. Biz "qara bazar"ı gözümüzlə görmürük, amma mövcudluğunu eşidirik. Mən nə deyə bilərəm? Bu, mənim səlahiyyətimdə deyil.

- Əlaqədar dövlət qurumları qarşısında məsələ qaldırmağı da düşünmürsünüz?

- Dəfələrlə müvafiq qurumlar, tərəfdaşlar, Vergilər Nazirliyi və başqa güc strukturları tərəfindən məsələ qaldırılıb. Mənə elə gəlir ki, yaxın zamanda bu istiqamətdə irəliləyişlər olacaq, addımlar atılacaq.

- Bir neçə il öncə at yarışları ilə məşğul olan "Azintot" adlı şirkət də yaratmışdınız. Amma bu şirkətin fəaliyyəti elə də gözə dəymir...

- Bu şirkət artıq mövcud deyil.

- Layihə uğurlu alınmadı?

- Bu barədə qısa müddətə açıqlama verəcəyik. Özüm 2-3 ay ərzində ictimaiyyəti məlumatlandıracağam. Bu iş uğurla gedir, sadəcə, başqa çərçivədədir.

- Adı dəyişdirilib?

- Bəli.

Son xəbərlər

Orphus sistemi