Azad Rəhimov beynəlxalq sambo yarışlarındakı himn qalmaqalı ilə bağlı tapşırıq verib

Azad Rəhimov beynəlxalq sambo yarışlarındakı himn qalmaqalı ilə bağlı tapşırıq verib Nazir himn olaylarının siyasiləşdirilməməsini istəyib
Fərdi
100
28 Aprel , 2015 12:42
Azad Rəhimov beynəlxalq sambo yarışlarındakı himn qalmaqalı ilə bağlı tapşırıq verib

Bakı. 28 aprel. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Serbiyanın Novi Sad şəhərindəki yeniyetmə və gənclər arasında Avropa çempionatında 6 medal qazanmış Azərbaycan yığmasının üzvlərini qəbul edib. Nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun "Report"a verdiyi məlumata görə, görüşdə gənc samboçu Kamran Əsgərovun 62 kq çəki dərəcəsində çempion olması şərəfinə Azərbaycanın deyil, Ermənistan himninin çalınması məsələsinə də toxunulub.

Baş məşqçi Yaqub Abdullayev baş vermiş olayla əlaqədar yığma rəhbərliyinin təşkilatçılara rəsmən etiraz bildirildiyini xatırladıb. O qeyd edib ki, etirazdan sonra Azərbaycan himni səsləndirilib və ertəsi gün rəsmən üzr istənilib.

Öz növbəsində nazir həm bu, həm də martın sonlarında Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə keçirilmiş Dünya Kubokunda Azərbaycanın digər samboçusu Bəxtiyar Abbasovun Ermənistan himni zamanı yerə oturması ilə əlaqədar məsələlərin siyasiləşdirilməməsinin vacibliyini dilə gətirib. O deyib ki, Abbasov özünü pis hiss etdiyi üçün yerə oturub, Serbiyadakı olay isə sırf texniki problemlər üzündən baş verib. Bu səbəbdən, A.Rəhimov Beynəlxalq Sambo Federasiyasının B.Abbasovu bürünc medaldan və yarışlarda iştirak hüququndan məhrum etməməsi üçün lazımi işləri aparmağı tapşırıb.

Qeyd edək ki, Avropa çempionatında Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib. Bunu görən K.Əsgərov çaşqınlıq içində düşmən ölkənin himnini sona qədər dinləməyə məcbur olub. Sonradan himnin səhv səsləndirildiyini anlayan təşkilartçılar bir neçə dəqiqəlik müzakirələr aparıb, yanlışlığı düzəldərək Azərbaycanın himnini səsləndiriblər. Yığma üzvləri yarışı 2 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurublar. 

Son xəbərlər

Orphus sistemi