Yuxarı

​Azad Rəhimov: "Azərbaycan istəsə, Formula 1-dən imtina edə bilər" - MÜSAHİBƏ

Formula 1in büdcəsi iki məsələdən ibarətdir

Bakı. 8 fevral. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov brifinq keçirib. "Report" A.Rəhimova ünvanlanmış sualları və nazirin cavablarını təqdim edir:

- Belə məlumat var ki, "Formula-1" 10 il müddətinə Azərbaycanda keçiriləcək və ilkin Qran-Pri üçün 34 milyon manat xərclənəcək...

- Dəfələrlə bu məsələyə biz toxunmuşuq və tam şəkildə izahat verilib. Müqavilə 10 il müddətinə bağlanılıb. Müqavilə əsasında 5 il "Formula-1" yarışları Azərbaycanda keçirilməlidir. Qərar versək ki, 5 il ərzində biz yarışları Azərbaycanda keçirmirik, o zaman buna görə cərimə ödəməliyik. Növbəti 5 il isə Azərbaycan öz istəyinə əsasən bu yarışı keçirə və dayandıra bilər. Büdcə haqda da açıqlama verilib. Hazırda "Formula-1"`1 in büdcəsi 12 milyondur. Bütün pullar asfalt örtüyünün dəyişilməsinə, Azadlıq meydanında 300 metr uzunluğu və 21 metr eni olan 2 mərtəbəli pi strop bina tikilir. Bu xərclərə trass boyu 6 km uzunluğunda xüsusi hasarların qurulması da daxildir, kanalizasiya qapaqları dəyişilir, kommunikasiya və digər işlər görülür. Digər işlər formalaşan kimi ictimaiyyətə açıqlama veriləcək.

- "Formula-1" rəsmisi Azərbaycanın bu il üçün 34 milyon ödədiyini deyib. Bildirib ki, hər il bu məbləğ 10 faiz artacaq...

- "Formula-1" rəsmisi heç bir söz deməyib. İtaliyada hansısa bir insan açıqlama verib. Həmin adam heç müqaviləni görməyib. Müqavilə ikitərəflidir və kommersiya sirridir. Buna görə açıqlama olmaz. Biri 1 milyon, biri 70 milyon deyir. "Formula-1"in büdcəsi iki məsələdən ibarətdir - hər il ödənilən haqq və təşkilat xərcləri. Bunun da açıqlaması tam şəkildə veriləcək. Yəni burada gizli bir şey yoxdur.

- Bakı Olimpiya Stadionunda toy mərasimlərinin keçirilməsinə münasibətiniz necədir?

- Tək orada yox, digər yerlərdə də olar. Stend Atıcılığı Mərkəzində də gözəl şərait var. Orada tək toy yox, ad günləri və korporativ tədbirlər keçirmək üçün hər bir şərait var. İspaniyanın Madrid şəhərində "Santyaqo Bernabeu" stadionunun böyük bir hissəsi bu cür tədbirlər üçündür. Bu da stadionun pul qazanması, öz xərclərini qarşılaması üçün bir imkandır.

- İdman federasiyalarının Olimpiya Stadionuna köçmək ehtimalı vardı. Bu məsələ necə olacaq?

- Gözəl ideyadır və bunun üzərində işləmişik. Bu təşəbbüs AFFA tərəfindən irəli sürülüb. Amma federasiyanı orada yerləşdirmək üçün o qədər də şərait yoxdur. Çünki federasiya otaqlar tələb edir. Bunun üçün də bölgü olmalıdır. Böyük və açıq sahənin bölgüsü isə maliyyə tələb edir. Ona görə də hazırda "CBC Sport" kanalı orada məskunlaşıb. Hələlik digər federasiyaların ora köçmək fikirləri yoxdur.

- Ağır atletikada dopinq qalmaqalı ilə bağlı vəziyyət nə yerdədir?

- Üç gün bundan əvvəl federasiya tərəfindən məktub göndərilib və cavab gözlənilir. Bu gün dünyada tendensiya dəyişib. Yeni üslubla, yeni laboratoriyada yeni preparatlarla iş gedir. İdmançılarımız diqqətli olmalıdır. Nəsə bir dərman olanda onlara da diqqət etməlidirlər. Nazirliyin mövqeyi ondan ibarətdir ki, idmançılar məşhur yarışlarda iştirak edirlərsə, çox diqqətli olmalıdırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi