Azad Rəhimov: "Azərbaycan 45 ölkədən 128 şahmatçını qəbul etməyə hazırdır"

Azad Rəhimov: "Azərbaycan 45 ölkədən 128 şahmatçını qəbul etməyə hazırdır" "Ölkə şahmatçılarından gözəl oyun sərgiləyəcəklərini gözləyirik"
Fərdi
9 Sentyabr , 2015 19:49
Azad Rəhimov: Azərbaycan 45 ölkədən 128 şahmatçını qəbul etməyə hazırdır

Bakı. 9 sentyabr. REPORT.AZ/ Sentyabrın 10-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransı keçirilib. "Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov oktyabrın 5-dək davam edəcək nüfuzlu yarışın gərgin keçəcəyini və Azərbaycan şahmatçılarından gözəl oyun sərgiləyəcəklərini gözlədiklərini bildirib.

O, 45 ölkədən gələcək 128 şahmatçının ən reytinqlilərdən ibarət olduğunu deyərək onları salamlayıb. Nazir 2015-ci il Dünya Kuboku və 2016-cı il Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi barədə qərarın Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2 il öncə Türkiyənin İstanbul şəhərindəki Baş Assambleyasında qəbul olunduğunu xatırladıb. O bildirib ki, Bakı 45 ölkədən 128 şahmatçını qəbul etməyə hazırdır.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov isə dünya səviyyəli çox böyük idman turnirini keçirmə ərəfəsində olduqlarını vurğulayıb. O, Azərbaycan şahmatçılarının yarışa çox ciddi hazırlaşdıqlarını söyləyib: "Azərbaycan millisi ikiqat Avropa çempionudur. Güclü şahmatçılarımız var. Turnir dostluq, tolerantlıq, əsl idman mübarizəsi şəraitində keçiriləcək. İdmançılarımız yarışa çox yaxşı hazırlaşıblar. Ümid edirik ki, onlar uğurlu nəticələr də göstərəcəklər. Bu, 2016-cı il Şahmat Olimpiadası öncəsi həm də əsas sınaqdır. Azərbaycan hökuməti də yarışın təşkili üçün lazımi şəraiti yaradıb".

FİDE prezidenti Kirsan İlümjinov BƏƏ-də keçirilmiş Baş Assambleya nümayəndələrinin salamını çatdıraraq, şahmat bayramı münasibətilə hamını təbrik edib. Onun fikrincə, FİDE-nin 187 üzv ölkəsində şahmat ictimaiyyətinin diqqəti Dünya Kubokuna yönəlib. K.İlümjinov Dünya Kubokunda sabiq dünya çempionları Veselin Topalov və Aleksandr Kramnik, eləcə də qadınlar arasında dünya çempionu Mariya Muzıçuk, sabiq dünya çempionu Hou İfan kimi məşhur şahmatçıların mübarizə aparacağını vurğulayıb: "Bu yarış İddiaçılar Turnirinə vəsiqə verir. Dünya çempionluğu uğrunda matç isə gələn ilin oktyabrında ABŞ-da keçiriləcək. Son illər AŞF digər milli federasiyalara bir nümunə sayılır. Azərbaycan hökumətinə, federasiya prezidentinə belə imkanı yaratdıqları üçün minnətdaram".

Qeyd edək ki, Dünya Kubokunun ümimi mükafat fondu 1 milyon 200 min dollar təşkil edəcək. Müqaviləyə əsasən, bu vəsaiti Azərbaycan tərəfi ödəyəcək. Məbləğin 20 faizi FİDE-yə gedəcək. Qalib şahmatçı isə 120 min dollar qazanacaq. Azərbaycanı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək.  

Son xəbərlər

Orphus sistemi