​Avropa Oyunları öncəsi test xarakterli Prezident Kuboku bu gün start götürəcək

​Avropa Oyunları öncəsi test xarakterli Prezident Kuboku bu gün start götürəcək Yarışa 100-dək idmançı qatılacaq
Fərdi
3 Aprel , 2015 05:42
​Avropa Oyunları öncəsi test xarakterli Prezident Kuboku bu gün start götürəcək

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvə Beynəlxalq Prezident Kuboku reqatası start götürəcək.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından "Report"a verilən məlumata görə, sayca 8-ci dəfə təşkil olunacaq reqata "Bakı 2015" I Avropa Oyunları öncəsi test xarakteri daşıyacaq.

100-dək avarçəkənin qatılacağı yarışda Azərbaycanı hər 3 növ üzrə 70-dək idmançı təmsil edəcək. Onlar Bakı və Mingəçevirdəki "Kür" klubunun yetirmələri, eləcə də müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvləri olacaqlar. Bundan başqa Gürcüstanın bütün növlərdə 22, Türkiyənin isə kayak və kanoe üzrə 8 təmsilçisi çıxış edəcək.

Amma "Bakı 2015"in proqramında akademik avarçəkmə yox, kayak və kanoe növləri yer alır. Bu səbəbdən, əsas diqqətlər hər 2 növ üzrə nüfuzlu reqatalarda öz sözlərini deməyi bacaran Azərbaycan yığmasının aparıcı üzvlərinə yönələcək. Bunlar kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko ilə kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskayadır. Eyni zamanda kanoeçilərdən Sergey Bezuqlıy - Aleksey Kupin və kayakçı Mirnazim Cavadovla Tamerlan Mustafayevin çıxışları böyük maraq doğurur.

Prezident Kubokunun daha bir özəlliyi yeni mövsümə start xarakteri daşımasındadır. Məhz bu reqatadan sonra Azərbaycan yığmalarının qarşıdakı daha nüfuzlu yarışlar üçün heyətlər müəyyənləşəcək.

Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar yenilənmiş Olimpiya Mərkəzində keçiriləcək reqataya aprelin 5-də yekun vurulacaq. “Bakı 2015” öncəsi test xarakteri daşıdığından, Prezident Kubokunu Əməliyyat Komitəsinin (BEGOC) nümayəndələri də izləyicəklər. 

Son xəbərlər

Orphus sistemi