Avropa çempionu: "Prezidentlə görüş bizi ruhlandırır"

Avropa çempionu: "Prezidentlə görüş bizi ruhlandırır" "Belə görüşlərin çox olmasını istəyirik, çünki bizə motivasiya verir, özümüzə inamı artırır"
Fərdi
107
18 Mart , 2022 17:29
Avropa çempionu: Prezidentlə görüş bizi ruhlandırır
Zirəddin Bayramov

"Belə görüşlərin çox olmasını istəyirik, çünki bizə motivasiya, ruh verir, özümüzə inamı artırır".

Bunu "Report"a açıqlamasında Bolqarıstanın Plovdiv şəhərindəki U-23 Avropa çempionatında 65 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Zirəddin Bayramov Prezident İlham ƏIiyevlə görüş barədə danışarkən deyib.

65 kq çəki dərəcəsində qitə çempionu olmuş gənc pəhləvan dövlət başçısının qəbulunda olmalarından çox ruhlandıqlarını bildirib: "Təəssüratlarım çox yaxşıdır. Sevinirəm ki, Prezidentimiz idmana belə diqqət və qayğı göstərir. Biz də yarışlarda daha yaxşı nəticələr, yüksək xallarla qalib gəlməyə çalışırıq".

Bayramov ölkə rəhbərinin bütün komanda üzvləri ilə şəxsən görüşərək, onların çıxışları ilə maraqlandığını da diqqətə çatdırıb: "Məşqçilər Prezident İlham Əliyevin qəbuluna yollanacağımızı bizə bir gün əvvəldən məlumat verdilər. Koronavirus testindən keçdik, hazırlaşdıq və görüşə getdik. Dövlət başçısı bir-bir hamımızla əl verib görüşdü. Həmin vaxt bizə suallar verdi. Məsələn, məndən soruşdu ki, çempion oldun. "Bəli" cavabını verdim. Hansı çəkidə medal qazandığımı soruşdu. 65 kq-da qalib olduğumu dedim. Bu münasibətlə məni təbrik etdi".

Finalda Ermənistan təmsilçisi Qraçya Marqaryana qalib gəlmiş azərbaycanlı güləşçi Prezident İlham Əliyevin görüş vaxtı bu məqama xüsusi diqqət ayırdığını xatırladıb: "Prezidentimiz görüş vaxtı danışanda bildirdi ki, Avropa çempionatında da düşmənlərimizə öz sözümüzü demişik. Bu da onu göstərir ki, ermənilər üzərində qələbələrimizdən də xəbəri var. Həqiqətən də biz qalib ölkənin və Ordunun nümayəndələri, idmançılarıyıq. Əvvəl özümüzdə 50 faiz qələbə şansı hiss edirdiksə, indi bu göstərici 100 faizdir. Özümüzə deyirik ki, erməniyə uduzmaq olmaz. Biz hər yerdə - istər səngərdə, istərsə də idmanda onlardan güclüyük. Hər zaman öz gücümüzü göstərməyə hazırıq".

Avropa çempionatındakı görüşləri barədə də danışan Bayramov bildirib ki, Marqaryanla qarşılaşmaya ciddi hazırlaşıb. O, final yox, ilk görüşünün çətin keçdiyini bildirib: "Düzdür, bolqarıstanlı Stilyan İliyevə 12:1 hesabı ilə qalib gəldim, amma görüş vaxtı nəfəsimdə tutulma oldu. Bu, kənardan bilinməsə də, özümdə hiss edirdim. İkinci görüşüm Hamza Alacaya qarşı oldu. Çox narahat rəqib idi. Amma onu da məğlub etdim. Bu qarşılaşmada 2 dəfə təmiz qələbə qazandım. Lakin hakimlər bu qələbəni qeydə almaq istəmirdilər. Məşqçilərim etiraz etsələr də, qəbul olunmadı və görüş davam etdirildi. Sonra ardıcıl xallar alıb istəyimə çatdım. Yarımfinalda fransalı Marvan Ahmed Yezzaya qalib gəldim. Həmin rəqibim gördü ki, mən ancaq ayağa girməklə fənd tətbiq edirəm. Mənə qarşı əks-hücum taktikası seçmişdi. Ancaq aşağı əyilərək güləşirdi. Ona görə də qələbə çətin başa gəldi. Erməni Qraçya Marqaryanla görüşə ciddi hazırlaşmışdım. Əvvəlcədən bütün tapşırıqlar verilmişdi. Necə lazımdırsa, elə də güləşdim".

Son xəbərlər

Orphus sistemi