Bakı. 8 sentyabr. REPORT.AZ/ Üzgüçülük üzrə amerikalı olimpiya çempionu Rayan Loxte Rio-de-Janeyroda qarətlə bağlı insident səbəbindən 10 ay müddətinə yarışlarda iştirakdan kənarlaşdırılıb.
"Report" AFP-yə istinadən xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsi (BOK), ABŞ Olimpiya Komitəsi və ABŞ Üzgüçülük Federasiyası ilə birgə qəbul edilib.
İdmançı həmçinin gələn ilin iyul ayında Budapeştdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Olimpiada zamanı R.Loxte bildirib ki, naməlum şəxslər onu və ABŞ millisinin üç üzvü - Cimmi Feyqen, Cek Komqer və Qunnar Bentsi qarət ediblər. Lakin araşdırma zamanı məlum olub ki, onlar qarət olunmayıblar. Bir müddət sonra R.Loxte yalanını etiraf edib və üzr istəyib.