Aleksandr Surutkoviç: "Qırmızı köynəyimizi qorumalıyıq"

Aleksandr Surutkoviç: "Qırmızı köynəyimizi qorumalıyıq" Bakı. 9 may. REPORT.AZ/ "Dünən də qalib olmağa çalışırdım. Amma III mərhələnin sürətinə dözmədim və finişə birinci çata bilmədim. Bugünkü...
Fərdi
9 May , 2015 15:53
Aleksandr Surutkoviç: Qırmızı köynəyimizi qorumalıyıq

Bakı. 9 may. REPORT.AZ/ "Dünən də qalib olmağa çalışırdım. Amma III mərhələnin sürətinə dözmədim və finişə birinci çata bilmədim. Bugünkü yürüş isə çox darıxdırıcı idi və son məsafəni gözləyirdim". "Report"un məlumatına görə, bunu "Tour d` Azerbaidjan" veloyürüşündə IV mərhələnin qalibi, İsrailin "Cycling Academy Team" klubunun üzvü Daniel Turek deyib.

Turek mərhələnin taleyini sonuncu 1 km-lik məsafədə həll etdiyini bildirib: "Finişə 1 km qalmış öz şansımı gördüm və 700 metr qalmış irəli atılaraq, qalib oldum. Bütün komandama minnətdaram ki, məni dəstəklədilər və birinci etdilər".

İkinci dəfədir ki, sprinter məsafəsində birinci olaraq, yaşıl köynəyə yiyələnən Sloveniyanın "Adria Mobil" klubunun üzvü Marko Kump bildirib ki, əsas məqsədi lider köynəyini qorumaqdan ibarət olub: "Əslində bu gün müəyyən qədər xal qazandım. Ümumi hesabda 5-ci olaraq da müəyyən xallar əldə etdim. Bu mərhələdə əsas məqsəd lider köynəyini qoruyub saxlamaq idi. Komanda yoldaşım Primoj Roqliç davamlı olaraq, göy köynəkdədir. Bizim üçün sabahkı mərhələ daha önəmlidir. Bu gün isə məqsədimiz yürüşü birinci bitirmək yox, ümumi hesabda liderliyi qorumaq idi".

Primoj Roqliç göy köynəyi özlərində saxlamaq üçün çalışacaqlarını bildirib.

Dağ mərhələsinin qalibi, "Synergy Baku"nun üzvü Aleksandr Surutkoviç isə əsas diqqətini mayın 10-da Bakı küçələrində keçiriləcək sonuncu mərhələ yürüşünə yönəltdiyini bildirib: "Sabah 3 məsafə olacaq. Çalışıb xallar qazanaraq, qırmızı köynəyimizi qorumalıyıq. Həmişə 4-cü mərhələ dağlıq ərazini əhatə edirdi. Amma bu dəfə fərqli oldu və şəxsən mənim xoşuma gəldi".

Gənclər arasında ən yaxşı nəticə göstərərək, bənövşəyi köynəyə sahib olan Çexiya “Dukla”sının üzvü Frantişek Sisr isə komanda yoldaşlarının köməyi sayəsində bu uğuru əldə etdiyini açıqlayıb: "Finişə 60 km qalmış komandamız çalışdı ki, pelotondan irəliləyiş yaratsın. Komandam istəyirdi ki, köynəyi saxlayım. Mən buna nail oldum. Gənc olsam da, ümumi hesabda 11-ciyəm".

Qeyd edək ki, veloyürüşün 144 km-lik sonuncu mərhələsi sabah Bakı küçələrində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi