​Aleksandr Aleksandrov: “Məqsədimiz Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır” - MÜSAHİBƏ

​Aleksandr Aleksandrov: “Məqsədimiz Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır” - MÜSAHİBƏ Millimizin lideri Milli Avarçəkmə Federasiyasının suallarını cavablandırıb
Fərdi
28 May , 2015 19:43
​Aleksandr Aleksandrov: “Məqsədimiz Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır” - MÜSAHİBƏ

Bakı. 28 may. REPORT.AZ/Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının bu il ən ciddi sınağı mayın 29-da Polşanın Poznan şəhərində start götürəcək Avropa çempionatına təsadüf edəcək.

"Report" xəbər verir ki, nüfuzlu yarış öncəsi millimizin lideri Aleksandr Aleksandrov Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.

- Mövsümə aprelin əvvəllərində Mingəçevir şəhərində keçirilmiş Beynəlxalq Prezident Kuboku reqatası ilə başladınız. Qalib olduğunuz yarış necə keçdi?

- Reqata normal keçdi. Yarış öncəsi təlim-məşq toplanışımız olmuşdu. Prezident Kuboku qarşıdakı nüfuzlu yarışlara bir növ hazırlıq xarakteri daşıyırdı. Sonradan İtaliyada bir reqataya qatıldıq. Orada da hazırlıq səviyyəmizi nəzərdən keçirdik. Ardından Mingəçevirə qayıdaraq, növbəti təlim-məşq toplanışında iştirak etdik. Əsas məqsədimiz 30 avqust - 6 sentyabrda Fransada təşkil olunacaq Dünya çempionatında uğurla çıxış edərək, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdan ibarətdir. Hələlik hazırlıqlarımız yaxşı gedir.

- Qarşıdakı nüfuzlu yarışlarda sizi mükafatçılar sırasında görə biləcəyikmi?

- Nə deyə bilərəm? Rəqabət çox sərtdir. Dünya çempionatında mükafatçılar sırasına düşəcəyimizi demək çətindir. Çünki 1 saniyə ərzində 6-7 qayıq finiş xəttini keçir. Amma qorxmayacağıq və çalışacağıq ki, onların arasında biz də olaq.

- Hərdən Boris Yotovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla da yarışlara qatılırsınız...

- Bu məsələyə Avropa çempionatından sonra tam aydınlıq gələcək. Hələlik Poznanda 1 nəfərlik qayıqla mübarizə aparacağım dəqiqdir. Prezident Kubokunda 2 nəfərlik qayıqda Boris Yotovla mən yox, İqor Luçiç çıxış etdi və onlar qalib oldular. Avropa çempionatında da bu duet mübarizə aparacaq. Məqsəd 2 lisenziya qazanmaqdan ibarətdir.

- "Bakı 2015" I Avropa Oyunlarında akademik avarçəkmənin olmamasından təəssüflənmirsiniz?

- (gülür) Əlbəttə, burada belə bir nüfuzlu yarış keçirilsəydi, yaxşı olardı. Çünki öz evimizdə çıxış edəcəkdik. Gördüyüm qədərilə, Avropa Oyunlarına hazırlıqlar çox dəqiqliklə görülür. Fikrimcə, hər şey yaxşı olacaq. Həm təşkilatçılıq, həm də yarışın səviyyəsini nəzərdə tuturam.

Son xəbərlər

Orphus sistemi