Yuxarı

​Akademik avarçəkmə üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanı 4 avarçəkən təmsil edəcək

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası mayın 29-da Polşanın Poznan şəhərində start götürəcək Avropa çempionatına qatılacaq. "Report"un Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üç gün davam edəcək yarışda baş məşqçi Yuliana Stoyevanın rəhbərliyi altında 4 avarçəkən çıxış edəcək.

1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov mübarizə aparacaq. Yeniyetmələr və 23 yaşadək avarçəkənlər arasında dünya çempionu ümumilikdə 20 idmançı arasından mükafatçılar sırasına çıxmağa çalışacaq. Onun əsas rəqibləri norveçli olimpiya çempionu Olaf Tufte, çexiyalı dünya çempionu Ondrey Sinek və litvalı Avropa çempionu Mindauqas Qrişkonis olacaq.

1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşdə Cavid Əfəndiyev start xəttinə çıxacaq. Burada onun 17 rəqibi olacaq. Rəqiblərdən biri vaxtilə 25 yaşlı Əfəndiyevlə birgə 2 nəfərlik yüngül çəkili qayıqla nüfuzlu reqatalara qatılmış İqor Xmaradır. Xmara hazırda Ukraynanı təmsil edir.

Yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Boris Yotov İqor Luçiçlə birgə 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüş edəcək. Bu qayıq tipində ümumilikdə 21 ölkənin təmsilçilər yer alacaq.

Qeyd edək ki, Avropa çempionatına mayın 31-də yekun vurulacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi