AİBA Azərbaycan şirkətinə olan 10 milyon dollar borcu 2021-ci ildən qaytarmağa başlayacaq

AİBA Azərbaycan şirkətinə olan 10 milyon dollar borcu 2021-ci ildən qaytarmağa başlayacaq Nağı Səfərov: "Qurumun əvvəlki prezidenti kredit müqaviləsinə özünün imza atmadığını bildirir, imzasını danırdı"
Fərdi
1 Fevral , 2018 16:13
AİBA Azərbaycan şirkətinə olan 10 milyon dollar borcu 2021-ci ildən qaytarmağa başlayacaq

Bakı. 1 fevral. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) Azərbaycan şirkətindən aldığı 10 milyon dollar kreditin ödənişinə 2021-ci ildən başlanılacaq.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov məlumat verib. Onun sözlərinə görə, "Benkons" şirkətinin 7 il əvvəl AİBA-ya verdiyi kreditin qaytarılması tərəflər arasında bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ali boks qurumunun Növbədənkənar Konqresində əldə olunmuş razılaşmaya əsasən gerçəkləşəcək. 

N.Səfərov bildirib ki, qurumun əvvəlki prezidenti Çinq-Kuo Vu AİBA adından aldığı pulu qaytarmaq istəmirmiş: "Doktor Vu kredit müqaviləsinə özünün imza atmadığını bildirir, imzasını danırdı. Nəticədə məhkəmə vasitəsilə sübut olundu ki, imza onundur və bu vəsait geri qayıtmalıdır. 2016-cı ildə Meksikanın Monterrey şəhərində keçirilmiş Konqresdə Vu heç kimin qarşısında maliyyə öhdəliyinin olmadığını söyləmişdi. Bir neçə milli federasiya ona mətbuatda yazılanlarla bağlı fikrini öyrənmək üçün müraciət etmişdi. Lakin onlara cavab verilmişdi ki, hər şey qaydasındadır. Beynəlxalq audit şirkətinin rəy verməməsindən sonra məsələ ciddi şəkildə qaldırıldı. 2017-ci ilin iyulunda Rusiyanın paytaxtı Moskvada keçirilmiş AİBA İcraiyyə Komitəsinin iclasında məsələ qalxdı ki, Vu baş verənlərlə bağlı boks ictimaiyyətini məlumatlandırmalıdır. Nəticədə onun hamını aldatdığı məlum oldu. Dubaydakı Növbədənkənar Konqresdə isə bütün hesabatlar dinlənildikdən sonra ümumi fikir bu oldu ki, Vu düzgün addım atmayıb. Gündəmdəki digər məsələ onun AİBA-nın fəxri prezidenti elan olunması idi. Lakin Konqres iştirakçılarının hamısı bunun əleyhinə səs verdilər. Nəticədə Vu qurumdakı bütün vəzifələrindən kənarlaşdırıldı".

Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov

Səfərov boksun Yay Olimpiya Oyunlarının proqramından çıxarılma ehtimallarına da münasibət bildirib: "Çoxdandır Beynəlxalq Olimpiya Komitəsindən məktublar gəlir ki, maliyyə və digər məsələlərə diqqət yetirin. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında boks yarışlarında necə biabırçılığın baş verdiyini hamı gördü. Bu sahədə islahatların aparılması tələb olunur. Gələn il Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasının gündəliyindəki məsələlərdən biri boksla bağlı olacaq".

Qeyd edək ki, AİBA-nın müvəqqəti prezidenti vəzifəsinə özbəkistanlı Qafur Rəhimov seçilib. 

Son xəbərlər

Orphus sistemi