Yuxarı
    Bağlamaq

    Ağırlıqqaldırma 2020-ci il olimpiadasının proqramından çıxarıla bilər

    Tomas Bax Tamaş Ayanın yenidən federasiya prezidenti seçilməsindən narazıdır

    Bakı. 28 dekabr. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) ağırlıqqaldırma növünü 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından kənarlaşdırmağa hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "Vatan" qəzeti İOC-dakı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

    Hazırda son 10 il ərzində götürülmüş dopinq-testlər araşdırılır. Təkrar müayinələrin nəticələri ağırlıqqaldırmanın Tokio olimpiadasının proqramında yer almasını şübhə altında qoyub. İOC Ümumdünya Ağırlıqqaldırma Federasiyasına (IWF) belə hallarla mübarizə üçün vaxt qoysa da, buna əməl olunmayıb. Nəticədə son müddət 2018-ci ilin ortalarınadək uzadılıb.

    2012-ci il London olimpiadasının dopinq-testlərinin təkrar müayinəsi nəticəsində 40 pozuntu aşkarlanıb. Lakin IWF radikal tədbirlər görmək əvəzinə Tamaş Ayanı yenidən qurumun prezidenti seçib. Bu isə İOC prezidenti Tomas Baxın narazılığına səbəb olub. Yarım əsrdir idmanda rəhbər vəzifələrdə olan Ayan IWF prezidenti olmamışdan əvvəl baş katib postunu tutub.

    Qeyd edək ki, ağırlıqqaldırma müasir Olimpiya Oyunlarının keçirilməyə başladığı 1896-cı il olimpiadasının proqramında yer alıb. Bu növ üzrə yarışlar yalnız 1900, 1908 və 1912-ci il olimpiadalarında olmayıb. Çoxsaylı antidopinq pozuntuları üzündən 10 ölkə son dünya çempionatına buraxılmayıb. Həmin ölkələr arasında Azərbaycan da var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi