AGİN: Seleksiya üzrə baş mütəxəssislərin mükafata aidiyyəti yoxdur

AGİN: Seleksiya üzrə baş mütəxəssislərin mükafata aidiyyəti yoxdur Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarda dəyişiklik məsələsinə aydınlıq gətirib.
Fərdi
21 Sentyabr , 2020 15:30
AGİN: Seleksiya üzrə baş mütəxəssislərin mükafata aidiyyəti yoxdur

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarda dəyişiklik məsələsinə aydınlıq gətirib.

AGİN-in Mətbuat katibi Səmayə Məmmədova “Report”a açıqlamasında bildirib ki, Nazirliyin seleksiya üzrə baş mütəxəssisləri yığma komandaların baş məşqçilərindən fərqlidir.

Məmmədovanın sözlərinə görə, bunlar eyni vəzifə, iş deyil: "Yığmaların baş məşqçiləri məşq proqramı ilə məşğuldurlar. Nazirliyin baş məşqçiləri isə federasiyalarla birgə koordinasiya işini görən insanlardır. Buraya yarışların təşkili, yığma komandaların formalaşdırılması və s. daxildir. Onlar birbaşa federasiyalarla işləyirlər. Bu şəxslər həmçinin seleksiya tədbirlərində seleksiya işini aparırlar”.

Nazirlik rəsmisinin sözlərinə görə, ad dəyişikliyinin üzərində neçə vaxtdır iş gedib: “Deyilmişdi ki, bunların adını dəyişməliyik. Həmişə yığmanın baş məşqçiləri ilə seleksiya üzrə baş məşqçiləri səhv salırdılar. Ona görə adını dəyişib “Olimpiya idman növlərinin seleksiya üzrə baş mütəxəssisi” qoyduq”.

S.Məmmədova bunun üçün Nazirlikdə əlavə ştat açılmadığını vurğulayıb: “Onların maaşı əvvəldən də var idi. Məbləğdə heç bir dəyişiklik olmayıb. Sadəcə ad dəyişib. Bunun üçün yeni ştat açılmayıb. Nazirlikdə 45 nəfərlik seleksiya üzrə baş mütəxəssis ştatı var”.

Mətbuat katibi seleksiya üzrə baş mütəxəssislərin yığma komandaların göstərdiyi nəticələrə görə verilən mükafata heç bir aidiyyətinin olmadığını əlavə edib: “Onlar Nazirliyin əməkdaşlarıdır və buna görə də dövlətdən əməkhaqqı alırlar. Yığmaların baş məşqçiləri isə göstərdikləri nəticələrə uyğun mükafatlarını alacaqlar”.

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə” sözləri “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə” sözləri ilə və “təyin” sözü “müəyyən” sözü ilə əvəz edilib.

Dəyişikliyə əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manat məbləğində müəyyən edilib. Ödəniş dövlət büdcəsinin “Bədən tərbiyəsi və idmanın təşkili” bölməsinin vəsaitləri hesabına həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi