Azərbaycanın daha 7 cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirində mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, yarışın ikinci günündə ölkə təmsilçiləri 4 çəki dərəcəsində qüvvəsini sınayıb.
81 kq-da Kərim Allahverdiyev 1/16 finalda Şamil Dzavbatırova (Almaniya) uduzub. Məhəmməd İmamverdiyev ilk görüşdə Arber Kulaşiyə (Kosovo) qalib gəlsə də, 1/8 finalda Alfonso Urquislə (İspaniya) dueldən məğlub ayrılıb. Bu çəkidəki digər cüdoçu Ömər Rəcəbli isə 1/32 finalda Joau Fernadu (Portuqaliya) ilə bacarmayıb.
90 kq-da yer alan Əjdər Bağırov startda Citse Van Den Herrevegenə (Belçika) məğlub olaraq, mübarizəni dayandırıb.
100 kq-da çıxış edən Sabir İsayev 1/16 finalda Aleksey Yerşova (Ukrayna), Ruslan Nəsirli rəqibi Ris Tompsona (Böyük Britaniya) uduzub.
Qadınların yarışında isə Günel Həsənli 1/8 finalda Minel Akdenizə (Türkiyə) məğlub olub. Beləliklə, Azərbaycan cüdoçuları günü medalsız başa vurublar.
Qeyd edək ki, ilk yarış günündə 60 kq-da mübarizə aparmış Azərbaycan cüdoçularından Turan Bayramov qızıl, Samir Piriyev isə gümüş medal qazanıb.