Abu-Dabi: Şərqlə Qərbin sintezi - REPORTAJ

Abu-Dabi: Şərqlə Qərbin sintezi - REPORTAJ Burada yerlilər özlərini sözün əsil mənasında məmləkətin ağası kimi aparırlar
Fərdi
26 Noyabr , 2018 10:26
Abu-Dabi: Şərqlə Qərbin sintezi - REPORTAJ
Report
0 : 00
0 : 00

Abu-Dabi. 26 noyabr. REPORT.AZ/ “Formula-1” üzrə Abu-Dabi Qran-prisi sürprizsiz ötüşdü. 

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 2018-ci il dünya çempionatının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında baş tutan sonuncu – 21-ci mərhələsində Lüis Hemilton finişə hamıdan tez çatdı.

Əslində, Almaniyanın “Mercedes” komandasının britaniyalı pilotu çempionluğu erkən təmin etdiyindən, yarış idman baxımından formallığa çevrilmişdi və daha çox əyləncə xarakteri daşıyırdı. Abu-Dabi isə bu baxımdan rəngarəngliyi ilə seçilən şəhərdir.

Yarışı kölgədə qoyan əyləncə

Son mərhələnin formal xarakter daşıması öz yerində, istər yerli əhali, istərsə də turistlər üçün əyləncənin yarışdan daha önəmli olduğu ilk günlərdən sezilirdi. Noyabrın 22-də Post Malone, ertəsi Uiknd, bir gün sonra Sem Smit, dünən isə “Guns N’ Roses” hard-rok qrupunun konsert proqramı ilə çıxışları onlar üçün daha cəlbedici görünürdü.

Əyləncə zonası da öz yerində. Burada “Formula-1” simulyatorundan tutmuş, müxtəlif oyunlar üçün uzun növbələr diqqəti cəlb edirdi. Zonada, demək olar ki, dünyanın bütün qitələrindən olan insanlara rast gəlmək mümkün idi. Abu-Dabidə sözün əsil mənasında bayram əhval-ruhiyyəsi hökm sürürdü.

Əcnəbilərin yerlilərdən çox olduğu ölkə

Bu ilin məlumatlarına əsasən, BƏƏ-nin əhalisi 9 milyon 582 min 340 nəfər təşkil edir. Onlardan cəmi 12 faizi yerli sakinlərdir. Gəlmələr isə Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Çin, eləcə də Avropa, Afrika və digər mənşəlilərdir. Bu ölkənin vətəndaşı olmaq olduqca çətin məsələdir. Dövlət hər il xüsusi xidmətlərinə görə, 100-200 əcnəbini bu şərəfə layiq görür. Yerli sakinlə ailə həyatı quran əcnəbi qadın 5 ildən sonra bu hüquqa yiyələnə bilər. Kişilər üçün isə bu, keçərli deyil.

Abu-Dabinin əhalisi 1 milyon 205 min 963 nəfərdir. Bunun da böyük hissəsi turistlərin və xidmət sektorlarında çalışan əcnəbilərin payına düşür. Ümumiyyətlə, BƏƏ vətəndaşlarının iki əsas məşğuliyyəti var – şəxsi biznes və dövlət qulluqçuluğu. Onlar müstəsna hüquqlara malikdirlər. Bunun yerlilərin davranışlarından da hiss etmək mümkündür. Özlərini sözün əsil mənasında məmləkətin ağası kimi aparırlar.

Yaxın Şərqin Manhetteni

Abu-Dabi dünyanın ən isti yerlərindən biri sayıldığından, yay aylarında şəhər demək olar ki, boşalır. Turistlər qışa doğru, xüsusən də “Formula-1” vaxtı bura axın edirlər. Ancaq yenə də, Bakı ilə müqayisədə bura çox istidir. İnsanlar tamamən yay geyimindədirlər. Hazırda burada hovuzda çimmək, günəş vannası qəbul etmək belə, mümkündür.

Paytaxt təmiz küçələri, səliqə-sahmanı və göydələnləri ilə diqqət çəkir. Elə ona görə də buranı Yaxın Şərqin Manhetteni adlandırırlar.

Hansısa ölkədən və şəhərdən söz düşəndə, çoxlarını ilk maraqlandığı qiymətlərdir. Bura üz tutmaq istəyirsinizsə, mütləq nəzərə alın - Abu-Dabidə qiymətlər Azərbaycanla müqayisədə, orta hesabla ikiqat bahadır. Siz yarışın keçirildiyi Yas adasındakı “Yas Mall”a gedirsinizsə, ora lap bahaçılıqdır. Ona görə də, təxminən, 70-80 manat xərc çəkib, taksi ilə şəhərin mərkəzinə getmək daha məqsədəuyğundur. Yeri gəlmişkən, burada ictimai nəqliyyat yoxdur, insanlar şəxsi avtomobillərindən və taksilərdən istifadə edirlər. Yalnız “Yas Marina” trekinin yerləşdiyi haqlda pulsuz xüsusi avtobuslar xidmət göstərir.

Abu-Dabidə əksər şeylər baha olsa da, elektron mallar ucuzdur. Məsələn, Bakıda 350 manata əldə edəcəyiniz telefonu qeydiyyat rüsumunu da hesablamaqla 280 manata ala bilərsiniz. Lakin bunun üçün satıcılarla bazarlıq edib, qiyməti təxminən 50 manat civarında “öldürməlisiniz”.

Möhtəşəm Şeyx Zeyd məscidi

Abu-Dabiyə gələnlərin əksəriyyətinin mütləq baş çəkdiyi bir yer var - möhtəşəm Şeyx Zeyd məscidi. Buranı hər gün dinindən, inancından, irqindən asılı olmayaraq, minlərlə insan ziyarət edir.

BƏƏ-nin qurucusu və ilk prezidenti Şeyx Zeyd ibn Sultan ən-Nəhayyanın adını daşıyan məscidin rəsmi açılışı 2007-ci ilin Ramazan ayında olub. Buranın qapıları 2008-ci ilin martından qeyri-müsəlmanların da üzünə açıqdır. Dünyanın 6 ən böyük məscidi sırasında yer alan məbədə giriş və ekskursiya pulsuzdur. Lakin burada yalnız bayram namazları qılınır. Tutumu isə 40 min nəfərlikdir.

Məscidin inşasında BƏƏ ilə yanaşı, Türkiyə, İran, Böyük Britaniya, Almaniya, Yunanıstan, Çin kimi ölkələrin də rolu olub. Tikintiyə 3000-dən çox işçi, 38 şirkət cəlb edilib və Ərəb, Monqol və Məğrib memarlığından bəhrələniblər.

Dörd yanında hündürlüyü 107 metr minarələr olan məscid həm də unikal elementlərlə zəngindir. Əsas ibadət otağının xalçası iranlı Əli Xaliqi tərəfindən hazırlanıb. Onun ümumi sahəsi 5,627 m²-dir, çəkisi 35 tondur. Bu, dünyanın ən böyük xalçası hesab olunur və iki ilə başa gəlib. Məsciddə Almaniya istehsalı, Svarovski daşlarla işlənilən 7 çilçıraq var. Bunlardan mərkəzdə olanı dünyanın ən böyük çilçırağıdır və onun diametri 10 m, hündürlüyü 15 m-dir.

Sonda onu da nəzərinizə çatdıraq ki, “Formula-1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və 15 - 17 martda olacaq. Təqvimdə dördüncü sırada olan Azərbaycan Qran-prisi isə 26 - 28 apreldə təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi