Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyası (AAF) avqustun 26-da növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək.
AAF-dan "Report"a verilən məlumata görə, bununla əlaqədar olaraq federasiya klassik avtomobil sahiblərini və həvəskarlarını tədbirdə iştiraka dəvət edir.
1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri avqustun 22-si saat 18:00-dək qeydiyyatdan keçə bilər. Yürüşdə və sərgidə iştirak üçün avtomobilini qeydiyyatdan keçirmək istəyən şəxslərin AAF ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaması mümkündür.
Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 26-sı saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək yürüş Bakı şəhərinin mərkəzi küçələri ilə davam edəcək.
Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.