Dörd hakim nöqsanlarına görə dünya çempionatından kənarlaşdırılıb

Dörd hakim nöqsanlarına görə dünya çempionatından kənarlaşdırılıb Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş güləş üzrə dünya çempionatında 4 hakim yarış başa çatmamış ölkələrinə göndərilib.
Fərdi
28 Sentyabr , 2019 15:08
Dörd hakim nöqsanlarına görə dünya çempionatından kənarlaşdırılıb

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş güləş üzrə dünya çempionatında 4 hakim yarış başa çatmamış ölkələrinə göndərilib.

Bu barədə "Report"a çempionat qarşılaşmalarını idarə etmiş azərbaycanlı referi Asif Şirəliyev məlumat verib. Şirəliyevin sözlərinə görə, səbəb həmin hakimlərin ayrı-ayrı qarşılaşmalar zamanı səhvlərə yol vermələridir. O, qovulan referilərin İran, Polşa, Tunis və Danimarkadan olduqlarını bildirib.

Ədalət təmsilçisi cəzaların azərbaycanlı güləşçilərin görüşlərindəki idarəçiliklə bağlı olmadığını diqqətə çatdırıb: "Dünya çempionatında səhvləri bağışlamırdılar. Ciddi nəzarət altında idik. Güləşçilər kimi biz də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının seçimlərində idik. Belə bir şəraitdə hakimlərin qeyri-təmiz idarəçiliyə risk etmələri qeyri-mümkün idi. Heç kim də cəza almaq istəməzdi. Hətta rusiyalı ikiqat olimpiya, ikiqat dünya və dördqat dünya çempionu Roman Vlasov kimi güləşçi də uduzdu. Lazım olsaydı, ona kömək edilərdi".

Şirəliyev 65 kq çəkidəki Hacı Əliyevin rusiyalı Hacımurad Rəşidovla görüşü zamanı hakimlərin mübahisəli qərarına da münasibət bildirib: "Son saniyələrdə baş vermiş məlum epizodu monitorda da bir neçə dəfə və pauza ilə göstərdilər. Qərar belə oldu ki, sonda Hacı Əliyevin hücumu qırılır və Hacımurad Rəşidov əks-hücuma keçir. Döşəkdən kənara ilk çıxan isə Əliyev olur. Amma reallıqda döşəkdəki hakimlərin hər 3-ü bizim güləşçiyə 2 xal vermişdi. Rusların etirazından sonra "çelenc"ə baxıldı və təəssüf ki, qərar Hacı Əliyevin əleyhinə oldu. İnanıram ki, o, qarşıdakı turnirlərdə lisenziyasını bərpa edəcək və "Tokio 2020"də sözünü deyəcək".

Beynəlxalq dərəcəli referi olimpiadada iştirak şanslarından da danışıb. Şirəliyev bu məsələnin gələn il keçiriləcək Avropa çempionatı, dünya və qitə təsnifat turnirindən asılı olacağını söyləyib: "Dünya çempionatında iki final görüşünü idarə etdim. Eyni zamanda hər gün bürünc medal görüşlərindən birini idarə edirdim. Hər hansı iradla üzləşmədim, nöqsanlarım olmadı. Qənaətbəxş qiymət aldım. Bu yarışlardan birində iştirakım kifayətdir ki, "Tokio 2020"yə yollana bilim".

Qeyd edək ki, Azərbaycan güləşçiləri dünya çempionatında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi