Yuxarı

2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasına 3000-dək qonaq gələcək

Mahir Məmmədov: Qonaqların məskunlaşması ilə bağlı problem olmayacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Dünya Kubokunu təşkil etmək çətin olmadı". "Report"un məlumatına görə, bunu Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin rəhbəri Mahir Məmmədov "Fairmont" otelində keçirdiyi mətbuat konfransında deyib.

Artıq Azərbaycanda yüksək səviyyədə infrastrukturun yaradıldığını deyən M.Məmmədov ölkənin təşkilatçılıq baxımından böyük təcrübəyə malik olduğunu açıqlayıb: "Biz əvvəlcədən istəyirdik ki, bütün mötəbər yarışlar Bakının mərkəzində keçirilsin. Dünya Kubokunun keçirildiyi məkan təsadüfi seçilməyib. "Fairmont" oteli "Flame Towers"də yerləşir. Bu möhtəşəm binalar paytaxtın yeni simasıdır. Gələn il baş tutacaq şahmat olimpiadası isə "Crystall Hall"da keçiriləcək. Bu gözəl tikili Avroviziya və ilk Avropa Oyunlarından hamıya yaxşı tanışdır. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi hər iki yarışın yüksək səviyyədə keçirilməsi üçün çalışır. Bizim komitədə ilk Avropa Oyunlarında çalışan insanlar da işləyir, ümumilikdə ən yaxşı mütəxəssislər cəmləşib. Şahmat Olimpiadası ilə bağlı demək istərdim ki, 3000-ə yaxın qonağın Bakıya gələcəyi gözlənilir. İstanbulda Bakının olimpiadaya ev sahibliyi ilə bağlı namizədliyi irəli sürüləndə biz yarışın Dənizkənarı Parkda - bulvar yaxınlığında keçiriləciyini söyləmişdik. Hazırda həmin ərazidə müasir və geniş otellər fəaliyyət göstərir. Ona görə qonaqların məskunlaşması ilə bağlı problem olmayacaq".

Əməliyyat Komitəsinin rəhbəri təmsilçilərimizin oyunu barədə Azərbaycan şahmatçılarının Dünya Kubokunda çıxışı barədə də danışıb: "Azərbaycan ilk dəfə Dünya Kuboku kimi mötəbər yarışda altı şahmatçı ilə təmsil olunur. Dünya Kubokunda daha çox şahmatçımız iştirak edə bilərdi. Amma 6 şahmatçımızın olması yüksək göstəricidir. Əvvəlcədən 4 şahmatçımzın ilk mərhələni keçəcəyini düşünürdük. Belə də oldu. Eltac Səfərlinin macarıstanlı həmkarı ilə görüşdə imkanlarından aşağı səviyyədə çıxış etdiyini düşünürəm. Ümumilikdə isə şahmatçılarımız layiqli mübarizə aparır".

Qeyd edək ki, Dünya Kubokuna oktyabrın 5-də yekun vurulacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi