2016-cı il Yay Paralimpiya Oyunlarına yollanan Azərbaycan idmançıları ilə görüş keçirilib

2016-cı il Yay Paralimpiya Oyunlarına yollanan Azərbaycan idmançıları ilə görüş keçirilib İlqar Rəhimov: "İstərdik ki, Rusiya bizə rəqib olsun"
Fərdi
30 Avqust , 2016 11:36
2016-cı il Yay Paralimpiya Oyunlarına yollanan Azərbaycan idmançıları ilə görüş keçirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Bir neçə gündən sonra Yay Paralimpiya Oyunları start götürəcək. Olimpiyaçılarımızın XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğurlarını paralimpiyaçılar davam etdirəcək". "Report"un məlumatına görə, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Rio-de-Janeyroya yollanacaq paralimpiyaçılarla görüşdə deyib. 

İ.Rəhimov idmançıların yüksək səviyyədə hazırlıq keçdiklərini bildirib: "London-2012 başa çatdıqdan sonra biz yeni proqram üzrə hazırlığa start verdik. İdmançılarımız üçün hər cür şərait yaradılmışdı. Hazırlıqlara təlim-məşq toplanışları, beynəlxalq yarışlarda çıxışlar, maddi-texniki bazanın genişləndirilməsi və digər məsələlər daxil idi. Bu işlərin hamısı yüksək səviyyədə görüldü. Ona görə də komitənin bütün əməkdaşlarına, məşqçi və idmançılara təşəkkür edirəm. Bizdə məşqçilərin sayı çoxdur. Amma baş məşqçilərin bəziləri Rio-de-Janeyroda bizimlə birgə olacaqlar. İdmançılarımız Rioya qələbə üçün gedirlər. Ölkə Prezidenti İlham Əliyevə minnətdaram. İdmana, paralimpiyaya böyük diqqət ayırır".

MPK prezidenti komandanın səfər planını açıqlayıb və paralimpiadanın açılış mərasimində sürpriz olacağını söyləyib: "Komandamız sentyabrın 2-də yola düşür. Sentyabrın 5-də Paralimpiya Kəndində Azərbaycanın bayrağı qaldırılacaq. 2 gün sonra isə yarışın Açılış mərasimi olacaq. Kapitanımız, bayraqdarımız İlham Zəkiyevdir. Onunla Açılış mərasimi üçün sürpriz hazırlamışıq. Gec saatlarda da olsa, baxıb sürprizi görməyinizi istərdim. 27 idmançı yola düşəcək. Onların 6-sı xanımdır. Lisenziya sayı isə 44-dür. Bu rəqəmlər London-2012 ilə müqayisədə 6 idmançı və 8 lisenziya artıqdır. Heyətimiz isə daha çox gənclərdən ibarətdir".

İ.Rəhimov Rusiya paralimpiyaçılarının Oyunlardan uzaqlaşdırılmasından da danışıb: "Qərar qəbul olundu ki, Rusiya yığması Yay Paralimpiya Oyunlarına tam heyətlə buraxılmasın. Bunun səbəbi isə dopinq problemidir. İstərdik ki, Rusiya bizə rəqib olsun. Ancaq artıq qərar qəbul edilib. Bu səbəbdən, biz həmişə dopinq məsələsini gündəmdə saxlayırıq. İnanıram ki, öz idmançılarımız Braziliyada bu problemlə üzləşməyəcək. Hətta bir neçə idmançımızı burada yoxladıq və dopinq-testlərin nəticəsi mənfi çıxdı. Bu da bizi sevindirir".

Ardınca komitə prezidenti Belarusun paytaxtı Minskdə keçirilmiş festivalda paraşütdən tullanan xanım paralimpiyaçılara mükafatlar təqdim edib. 

Sonda paralimpiyaçıların "Biz qələbə üçün gedirik" adlı videoçarxı nümayiş etdirilib.

XXXI Yay Paralimpiya Oyunları 7 - 18 sentyabrda keçiriləcək. 

Qeyd edək ki, görüşdən əvvəl idmançılar və Komitə rəsmiləri ilk olaraq Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin məzarını ziyarə edib, gül dəstələri qoyublar. Ardınca qonaqlar Şəhidlər Xiyabanına yollanıblar.

Son xəbərlər

Orphus sistemi