Yuxarı

2016-cı il olimpiadasına güləş növü üzrə lisenziya yarışlarının siyahısı açıqlanıb

Güləşçilərə 4 şans veriləcək

Bakı. 4 iyun. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına güləş növü üzrə lisenziyaların veriləcəyi yarışların siyahısı açıqlanıb. "Report"un məlumatına görə, sərbəst, yunan-Roma və qadın güləşi növləri üzrə ilk vəsiqələr 7 - 12 sentyabrda ABŞ-ın Las Veqas şəhərində keçiriləcək dünya çempionatında qazanılacaq. 

Bu zaman ümumilikdə 18 çəki dərəcəsi üzrə mübarizə gedəcək. Sərbəst güləşçilər 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq və 125 kq, yunan-Roma güləşçiləri 59 kq, 66 kq, 75 kq, 85 kq, 98 kq və 130 kq, qadın güləşçilər isə 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq və 75 kq çəkilərdə yarışacaqlar.  Sərbəst və yunan-Roma güləşinin hər biri üzrə 114, qadın güləşi üzrə isə 108 idmançı mübarizə aparacaq. Dünya çempionatında hər çəki dərəcəsində ilk "beşlik"də qərarlaşan güləşçilər Rio-2016-ya vəsiqəni təmin edəcəklər. 

İlk cəhddə vəsiqə qazana bilməyən ölkələr və idmançıların qitə və dünya təsnifat turnirlərində mübarizə aparmaq şansı olacaq. Azərbaycan güləşçiləri üçün bu yarışlar 2016-cı ilin 15 - 17 aprelində Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22 - 24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6 - 8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq. 

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqust 2016-cı ildə keçiriləcək. Müstəqil Azərbaycanın güləş üzrə yığma komandası indiyədək qatıldığı Yay Olimpiya Oyunlarında ümumilikdə 14 medal qazanıb. Bu medallardan 4-ü qızıl, 5-i gümüş, 5-i isə bürünc əyarlıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi