Zaur Qəhrəmanov: "İsrail qazını da TANAP-la nəql edə bilərik"

Zaur Qəhrəmanov: "İsrail qazını da TANAP-la nəql edə bilərik" TANAP layihəsi üzrə işlərin 60%-i tamamlanıb
Energetika
183
23 Yanvar , 2017 12:04
Zaur Qəhrəmanov: İsrail qazını da TANAP-la nəql edə bilərik

Bakı. 23 yanvar. REPORT.AZ/ “Əgər razılıq olarsa, İsrail qazını da Trans-Anadolu Boru Kəməri (TANAP) ilə nəql edə bilərik”. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib: “İsrail qazı ilə bağlı hər hansı narahatlığımız yoxdur. TANAP olaraq hər kəslə müzakirə apararıq. İsrail qazını da daşıya bilərik. Türkiyə razılıq verərsə, niyə olmasın?!”.

O, “Türk axını” layihəsindən də danışaraq qeyd edib ki, bu layihə Azərbaycan qazına təsir etməyəcək. “Azərbaycanın qaz satışı ilə bağlı sıxıntısı yoxdur. Bizim 2046-cı ilə qədər müqavilələrimiz var. Türkiyə qazın qiyməti ilə bağlı tədarükçü ölkələrlə bəzi müzakirələr aparır. Bizimlə hələlik bu barədə müzakirə aparılmır. Amma əgər danışıqlar aparılması istənilərsə, görüşərik”, - deyə ”SOCAR Turkey” rəhbəri vurğulayıb.

Z.Qəhrəmanov TANAP-la ilk Azərbaycan qazının 2018-ci ilin iyun ayında Türkiyəyə nəql olunacağını və hazırda kəmərin tikintisi üzrə 60% işlərin görüldüyünü bildirib. O, həmçinin əlavə edib ki, ilkin mərhələdə layihənin dəyəri 11,7 mlrd. dollar hesablanırdı, lakin hazırda 8,5 mlrd. dollar məbləğində hesablanır: “Beləliklə, 3,2 mlrd. dollarlıq qənaət edilib”.