Yuxarı
    Bağlamaq

    Yunanıstanda TAP-la bağlı tədbir keçirilib

    Tədbirə 50-dən çox səfirliyin, eyni zamanda Yunanıstan Xarici İşlər Nazirliyinin nümayəndələri qatılıblar

    Bakı. 4 may. REPORT.AZ/ Bu gün Yunanıstandakı səfirliklərə Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəməri (TAP) layihəsi barədə məlumat vermək üçün tədbir keçirilib.

    “Report” TAP konsorsiumuna istinadən xəbər verir ki, tədbir konsorsium və Azərbaycanın Yunanıstandakı səfirliyi ilə birgə təşkil olunub.

    Məlumata görə, tədbirə 50-dən çox səfirliyin, eyni zamanda Yunanıstan Xarici İşlər Nazirliyinin nümayəndələri qatılıblar.

    Tədbirdə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib ki, nəhəng enerji layihəsi olan Cənub Qaz Dəhlizinin bir hissəsi olaraq TAP-ın həyata keçirilməsi siyasi, geosiyasi və biznes səviyyəsində vacib rol oynayır.

    TAP konsorsiumunun icraçı direktoru Yan Bredşou Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan TAP layihəsi, onun məqsədi barədə ümumi məlumat verib.

    TAP-ın layihə direktoru Con Heynes, Yunanıstan üzrə ölkə meneceri Rikard Skufias çıxış edərək layihə barədə məlumat veriblər.

    Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

    "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

    2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi