Bakı. 13 may. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksis Tsipras və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Trans Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimində iştirak edəcəklər. “Report” xəbər verir ki, bu barədə Yunanıstan hökuməti və Avropa Komissiyasının ayrı-ayrılıqda yayımladığı press-relizlərdə qeyd edilib.
Məlumata görə, A.Tsipras mərasimdə iştirak etmək üçün Afinadan (Yunanıstan) Salonikiyə səfər edəcək.
Avropa Komissiyası isə M.Şefçoviçin həm mərasimdə iştirak edəcəyini, həm də Yunanıstan Enerji Forumunda “Avropa Enerji İttifaqı: Planlardan reallığa” mövzusunda çıxış edəcəyini açıqlayıb.
Qeyd edəki ki, yayılan məlumatlara görə, bu tədbirdən 10 gün sonra Rusiya prezidenti Vladimir Putinin Afinaya rəsmi səfəri gözlənilir. Məlumatda deyilir ki, V.Putin "Qazprom" ASC-nin Yunanıstan-İtaliya boru kəməri vasitəsi ilə Avropa İttifaqına qaz satmasını təklif edəcək.