Yeni energetika naziri şimal bölgəsində istilik və külək elektrik stansiyalarında olub

Yeni energetika naziri şimal bölgəsində istilik və külək elektrik stansiyalarında olub Naziri "Azərenerji"nin prezidenti və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri müşaiyət ediblər
Energetika
792
23 Oktyabr , 2017 14:54
Yeni energetika naziri şimal bölgəsində istilik və külək elektrik stansiyalarında olub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazov ümumi gücü 525 MVt olan "Sumqayıt" İstilik Elektrik Stansiyasında olub. 

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, nazir burada aparılan modernləşmə prosesi ilə maraqlanıb. Sumqayıt şəhəri və Abşeron yarımadasının enerji təchizatında elektrik stansiyasının əhəmiyyətindən bəhs edilib. Nazir enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit fəaliyyəti üçün stansiyanın rolunu gücləndirəcək tədbirlərin həyata keçirilməsi ilə bağlı tövsiyələr verib.

P.Şahbazov Xızı rayonunun Yeni Yaşma kəndi ərazisindəki külək elektrik stansiyası ilə də tanış olub. Layihə gücü 50 MVt olan Yeni Yaşma Külək Elektrik Stansiyasının tikintisinin 2014-cü ildə başa çatdığı, müvafiq dövlət komissiyası çərçivəsində yoxlama işlərinin aparıldığı və stansiyanın “Azərenerji” ASC-nin şəbəkəsinə qoşulduğu barədə nazirə məlumat verilib. Bildirilib ki, bu stansiya gələcəkdə alternativ enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin həcminin artmasına töhfə verəcək.

P.Şahbazov Cənubi Qafqaz regionunda mühüm istehsalat kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkına (STP) da baş çəkərək görülən işlərlə tanış olub. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən layihələrdən biridir. STP-nin tərkibində olan müəssisələr ölkənin energetika sənayesində istifadə olunan məhsul və xidmətləri ilə də istənilən layihədə uğurla iştirak etməyə hazırdır. STP ilə Energetika Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib, gələcək perspektivlərə dair fikir mübadiləsi aparılıb.

Nazirin elektrik stansiyalarına tanışlıq səfərində “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevlə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi