Yuxarı
    Bağlamaq

    Yeni AÇG sazişi üzrə ilk bonus Azərbaycana yanvarın sonunda ödəniləcək

    Xarici sərmayədarların ödəyəcəyi bonusun ilk hissəsi 450 mln. dollar və ya 774 mln. manat olacaq

    Bakı. 29 dekabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni sazişlə bağlı xarici sərmayədarlar ödəməli olduqları bonus məbləğinin ilk hissəsini - 450 mln. ABŞ dolları və ya 774 mln. manatı Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) yanvarın 31-də ödəyəcək.

    “Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2018-ci il büdcəsi ilə bağlı Rəy”də qeyd olunub.

    Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən bonus ödənişlərinin 2018-ci il üzrə 450,1 mln. dollar və ya 774,17 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da manat ifadəsində 2016-cı ilin müvafiq icra göstəricisindən 774,1 mln. manat, 2017-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən isə 771,8 mln. manat çoxdur.

    14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazış”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində, ümumilikdə, 3,6 mlrd. dollar məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur.

    Bildirilib ki, 2018-ci üzrə “Şahdəniz” yatağında Hasilatın Pay Bölgüsü (PSA) sazişi çərçivəsində sərmayəçilər tərəfindən “Şahdəniz” fazası üzrə 0,1 mln. dollar və ya 172 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.

    Qeyd edək ki, bu il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

    Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65%, "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi