Yuxarı

Yaxın 5 ildə Yunanıstana 3,5 mlrd. kubmetr Azərbaycan qazı nəql olunacaq

Bu həcm Botaş şirkəti vasitəsilə çatdırılır

Bakı. 16 dekabr. REPORT.AZ/ Hazırda Yunanıstana Türkiyənin "Botaş" şirkətinin vasitəsilə ildə 700 mln. kubmetr həcmində Azərbaycan qazı çatdırılır. "Report" "Natural Gas Europe" saytına istinadən xəbər verir ki, bunu Yunanıstanın DEPA qaz korporasiyası rəhbərinin baş məsləhətçisi Kostas Andriosopulos bildirib.

O qeyd edib ki, bu həcmdə qaz DEPA və "Botaş" şirkəti arasındakı razılaşmaya əsasən nəql olunur. Baş məsləhətçi bildirib ki, bu müqavilənin müddəti 2021-ci ildə başa çatır.

Yunanıstanın qaz təchizatından danışan K.Andriosopulos qeyd edib ki, Azərbaycan qazından başqa, "Sonatrech" şirkəti ilə maye qaz üzrə (LNG) müqavilə mövcuddur və bu həcm də 700 mln. kubmetrdir: "Bu müqavilənin də vaxtı digər müqavilə kimi 2021-ci ildə başa çatır".

O əlavə edib ki, Rusiyanın "Qazprom" şirkəti ilə də müqavilə var və onun payı bazarda 65-67% təşkil edir.

"Elə bu müddətdə (2020-ci ilin sonu 2021-ci ilin əvvəli) "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan qazı Avropaya çatdıracaq Trans-Adriatik boru kəməri (TAP) işə düşəcək və onun həcmindən 1 mlrd. kubmetri Yunanıstana çatdırılacaq", - Korporasiya rəsmisi vurğulayıb.

O qeyd edib ki, DEPA bu layihəyə bağlılığını nümayiş etdirib: "TAP Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) və Aleksandrapolisdəki terminal Yunanıstanın regionda inkişafını təmin edəcək. Əgər biz Yunanıstanın regionda rolunu genişləndirə bilsək, DEPA-nı regionun enerji liderinə çevirə bilərik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi