Yuxarı

Yaponiya şirkətləri Sumqayıt Kimya Sənaye Parkında işləməkdə maraqlıdır

“Azərkmya” İB-də Yaponiyanin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Bakı.28 sentyabr. REPORT.AZ/ Yaponiya şirkətləri və ayrı-ayrı iş adamları Sumqayıt Kimya Sənaye Parkında müxtəlif sənaye məhsullarının istehsal olunacağı onlarla kiçik və özəl kimya müəssisəsinin yaradılmasında investisiya, mütərəqqi texnologiya, müasir avadanlıqla iştirak etməkdə maraqlıdır. 

"Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR)istinadən verdiyi xəbərə görə, bu barədə “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevlə görüşdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib. 

M.Babayev Yaponiyanın Azərbaycan üçün iqtisadi tərəfdaş və dost ölkə olduğunu, iki ölkə arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu, Yaponiya şirkətlərinin SOCAR-ın həyata keçirdiyi bir sıra irimiqyaslı layihələrdə uğurla iştirak etdiyini vurğulayıb, Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, Birliyin istehsalat sahələrində aparılan modernizasiya işləri və perspektiv layihələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ulu öndər Heydər Əliyev hələ 1998-ci ildə Yaponiyaya səfəri zamanı dövlət zəmanəti ilə dəyəri 95 milyon dollar olan Buxar-generator kompleksinin alınmasına nail olub, vaxtında inşa edilmiş bu kompleks ilə kimya sənayesinin inkişafında yeni bir mərhələnin başlanğıcı qoyulub.

Tsuquo Takahaşı isə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb, Yaponiya hökumətinin Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, xüsusilə neft-qaz və kimya sektoruna böyük önəm verdiyini qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi