Yapon şirkətlərinin Azərbaycanın neft sənayesinə sərmayə yatırmaq imkanları müzakirə olunub

Yapon şirkətlərinin Azərbaycanın neft sənayesinə sərmayə yatırmaq imkanları müzakirə olunub SOCAR prezidenti Rövnəq Abdullayevin Yaponiyaya işgüzar səfəri başa çatıb
Energetika
11 İyul , 2015 13:30
Yapon şirkətlərinin Azərbaycanın neft sənayesinə sərmayə yatırmaq imkanları müzakirə olunub

Bakı. 11 iyul. REPORT.AZ/ Yapon şirkətlərinin Azərbaycan neft sənayesinə, o cümlədən SOCAR-ın mövcud və gələcək layihələrinə sərmayə yatırmaq, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsinə qoşulmaq imkanları və digər məsələlər müzakirə edilib.

"Report"un verdiyi xəbərə görə, müzakirələr SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Yaponiyaya işgüzar səfəri çərçivəsində baş tutub.

Səfər çərçivəsində Mitsui korporasiyasında şirkətin prezidenti və idarəedici direktoru Tatsuo Yasunaqa, idarə heyətinin sədri və əməliyyatlar üzrə baş meneceri Takeşi Kanamori və digər yüksək vəzifəli şəxslərlə görüş keçirilib.

Görüşdə Mitsui şirkətinin Azərbaycanda fəaliyyətinin 40 il bundan əvvəl Bakıda Kondisioner Zavodunun tikintisi ilə başlanıldığı, daha sonra şirkətin Azərbaycanda bir sıra enerji layihələrinin tikintisinə cəlb olunduğu bildirilib. Qeyd olunub ki, korporasiya hazırda Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsində maraqlıdır. SOCAR tərəfindən Azərbaycanda reallaşdırılması nəzərdə tutulan layihələr, o cümlədən yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) layihəsi barədə məlumat verilib, iki şirkət arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sonra SOCAR prezidentinin Yaponiya baş nazirinin xüsusi müşaviri və Yaponiya Biznes Federasiyası sədrinin müşaviri Yoşio Nakamura və federasiyanın digər rəhbər mütəxəssisləri ilə görüşü olub. Görüşdə Yaponiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri, Azərbaycanda həyata keçirilən və planlaşdırılan enerji layihələri, xüsusilə NQNK layihəsi üzrə yapon şirkətlərinin fəal iştirakının dəstəklənməsi vurğulanıb.

Həmin gün SOCAR-ın nümayəndə heyəti Yaponiyanın İxrac Kredit Agentliyi - Yaponiyanın Beynəlxalq Kooperasiya Bankında da olub. Keçirilən görüşdə bankın İdarə Heyətinin sədri Hiroşi Vatanabe və digər rəhbər şəxslər iştirak ediblər. SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun maliyyələşdirilməsində fəal roluna görə bankın rəhbərliyinə təşəkkürünü bildirib. Asiya İnkişaf Bankının bu ilin may ayında Bakıda keçirilən 48-ci illik iclası çərçivəsində SOCAR-da keçirilən görüşün davamı olaraq, tərəflər arasında ətraflı müzakirələr aparılıb, SOCAR tərəfindən həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsində əməkdaşlığın daha da genişlənəcəyinə zəmin yarandığı vurğulanıb. NQNK layihəsinin maliyyələşdirilməsində bank tərəfindən yapon kapitalının cəlb edilməsi, yapon şirkətlərinin NQNK layihəsində iştirak imkanları və digər məsələlər müzakirə olunub.

Səfərin sonunda SOCAR prezidenti Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yoiçi Miyazava və bu ölkənin təbii ehtiyatlar və enerji agentliyi üzrə komissarı Takayuki Ueda ilə görüş keçiriblər. Görüşdə Yaponiya-Azərbaycan münasibətlərinin mövcud vəziyyətinə toxunulub, əlaqələrin daha da dərinləşdirilməsi üçün imkanların böyük olduğu qeyd edilib. Ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafi, yapon şirkətlərinin Azərbaycan neft sənayesinə, o cümlədən SOCAR-ın mövcud və gələcək layihələrinə sərmayə yatırmaq, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsinə qoşulmaq imkanları və digər məsələlər müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi