​Xırdalana elektrik enerjisinin verilişi bərpa edilib

​Xırdalana elektrik enerjisinin verilişi bərpa edilib "Azərişıq" rəsmisi artıq problemin həll edildiyini və sistem yoxlanıldıqdan sonra elektrik enerjisinin verilişinin tam bərpa ediləcəyini açıqlayıb
Energetika
28 Dekabr , 2015 16:35
​Xırdalana elektrik enerjisinin verilişi bərpa edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Xırdalan şəhərinə elektrik enerjisinin verilməsində yaranan problem artıq aradan qaldırılıb və qarşıdakı saatlarda elektrik enerjisinin fasiləsiz verilişi tam təmin ediləcək. Bunu "Report"a Xırdalan şəhərinin "Kənd Xırdalan" deyilən ərazisində elektrik enerjisi təchizatında yaranmış problemlərə aydınlıq gətirən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, adıçəkilən ərazidə yeraltı elektrik kabellərində yaranan problem nəticəsində ötən gündən etibarən elektrik enerjisinin verilməsində çətinlik yaranıb: "Ötən gün eyni anda 4 yerdə problem yaranmışdı. Həmin əraziyə elektrik enerjisi yeraltı kabellərlə verilir. Ona görə də orda laboratoriya işləməli idi. Əməkdaşlarımızın həmin nasazlığı təhlükəsiz aradan qaldırması üçün elektrik verilişini dayandırmağa məcbur idik. Amma həmin vaxt oradakı abonentləri bir neçə saatlıq da olsa, başqa yollarla elektrik enerjisi ilə təmin etməyə çalışdıq".

"Azərişıq" rəsmisi artıq problemin həll edildiyini və sistem yoxlanıldıqdan sonra elektrik enerjisinin verilişinin bərpa ediləcəyini açıqlayıb: "Əməkdaşlarımız dünən gündüz və bütün gecəni ərazidə işləyiblər. Bu gün də işlər davam etdirilib. Artıq problem aradan qaldırılıb. Xətlər yoxlanıldıqdan sonra qarşıdakı saatlarda elektrik enerjisinin tam fasiləsiz verilişi davam etdiriləcək".

Qeyd edək ki, yerli sakinlərin bildirdiyinə görə, "Kənd Xırdalan" deyilən ərazidə iki gündür elektrik enerjisi fasilələrlə verilir. 

Son xəbərlər

Orphus sistemi