Yuxarı

Xarici ekspert: ​"Neft şirkətləri xərclərini optimallaşdırır"

Lakin neft sənayesi inkişafını davam etdirəcək

Bakı. 22 dekabr. REPORT.AZ/ Neft sənayesi pessimist əhval-ruhiyyəyə qapılıb, şirkətlərin əməkdaşları hər an işdən çıxarılmaqlarını gözləyirlər. "Report" xəbər verir ki, bunu İspaniyanın ən böyük neft-qaz şirkəti olan "Repsol"un layihələrin inkişafı üzrə mütəxəssisi Roy Robson bildirib. 

R.Robson qeyd edib ki, yaranmış vəziyyət təəccüblü deyil, çünki neftin birja qiymətinin 40 dollar/bareldən aşağı düşməsi və buna baxmayaraq, Səudiyyə Ərəbistanının hasilatı azaltmaması hasilatçı şirkətlərin xərclərini optimallaşdırmağa məcbur edir, eyni zamanda bəzilərinin iflas xəbərlərinə yol açıb. 

"Lakin çox pessimist olmağa səbəb yoxdur. 2014-cü ildə hesab olunurdu ki, neftin qiymətinin 60 dollar/bareldən aşağı düşməsi dərinsulu layihələrin rentabelliyini itirməsinə səbəb olacaq. Hazırda qiymətlər, hətta bu həddən 40% aşağı səviyyədədir. Bunun mənfi və müsbət tərəfləri var. Şirkətlərdən gələn xəbərlərə görə, neftin "qızıl çağı" bitsə də, onları müflisləşmə gözləmir. Qazma gəmilərinin istifadə qiyməti 50% azalıb, poladın qiyməti 2003-cü ildən etibarən ən minimal səviyyədədir, əmək haqları orta hesabla 15-40% azalıb, neft gəlirlərindən asılı olan dövlətlər neft-qaz sektoruna hər cür dəstək verir, yeni layihələrin icazə müddəti 18-24 aydan 6-9 aya endirilib. Ən əsası isə odur ki, qlobal neft istehlakı durmadan artır. Bu o deməkdir ki, 2016-cı ilin iyun ayına qədər neftin qiyməti 40 dollar/barel və daha aşağı olarsa, hasilat sənayesi yeni şəraitə uyğunlaşacaq və hasilatın rentabelliyi artıq 60 dollar/barel deyil, 30 dollar/barel səviyyəsinə düşəcək. Aşağı neft qiymətləri dövrü çətin olacaq, iflas edən şirkətlərə rast gələcəyik, amma ümumilikdə neft-qaz sənayesi fəaliyyətini davam etdirəcək", - deyə şirkət rəsmisi qeyd edib.

Qeyd edək ki, Azərbaycan neftinin maya dəyəri 2015-ci ilin əvvəlinə 16 dollar/barel təşkil edirdisə, manatın bu il 98%-lik devalvasiyası nəzərə alınmaqla, hazırda bu göstərici təxminən 12 dollar/barelə yaxındır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi