​WTI və "Brent" neft markaları arasında qiymət fərqi artacaq

​WTI və "Brent" neft markaları arasında qiymət fərqi artacaq Bu fərqin 2016-cı ildə Texas neftinin xeyrinə 10 dollara çatması mümkündür
Energetika
19 Yanvar , 2016 13:16
​WTI və Brent neft markaları arasında qiymət fərqi artacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (Texas) və "Brent" xam neft markalarının qiymətləri arasında fərq getdikcə artır. Əgər bir neçə il bundan əvvəl bu fərq "Brent"in xeyrinə idisə, hazırda Texas nefti daha baha satılır. Buna səbəb, ABŞ-da neft hasilatının getdikcə azalması, "Brent" markalı neftin hasilatının isə artmasıdır. 

"Report"un analitik qrupu qeyd edir ki, 2008-ci il böhranından sonra ABŞ-da kəmiyyət yumşalmasının (QE) başlaması və uçot dərəcəsinin sıfıra endirilməsi ilə yerli şist neft hasilatçıları ucuz maliyyələşmə mənbələrindən istifadə edərək investisiyalarını artırıblar. Bu da o zaman təklifi gündəlik 4 mln. barel artırıb və tələbin az olması səbəbindən qiymətlər aşağı düşməyə başlayıb. Bunu görən OPEC ölkələri bazar payını qorumaq üçün gündəlik hasilatı 1,5 mln. barel artırıb. Nəticədə, neft qiymətləri şok təklif artımı qarşısında dözməyərək kəskin azalıb.

Lakin şist neftin xüsusiyyəti fərqlidir. İlk 1-2 ildə şist buruqları maksimal həddə neft verdikdən sonra hasilat 75-80% azalır və aşağı həddə sabitləşir. Hasilatın yüksək səviyyədə qalması üçün şist neft quyularına böyük həcmdə investisiya qoyulmalıdır. Kanadanın "TriVest" investisiya şirkətinin hesablamalarına görə, ABŞ-ın şist neft hasilatçısı olan şirkətləri neftin qiyməti 50 dollar/barel olarkən gəlirlərinin 80%-ni borc öhdəliklərinə xidmət olunmasına sərf edib. Hazırda isə neftin qiyməti 30 dollar/barel ətrafında olduğu üçün onların maliyyə vəziyyəti çətinləşib, quyuların bir çoxu bağlanıb. "TriVest" ABŞ-da hasilatın azalmasının Texas markalı neftin qiymətinə müsbət təsir edəcəyini bildirib.

"Report"un analitikləri hesab edirlər ki, 2016-cı il ərzində WTI markalı neftin qiyməti "Brent"lə müqayisədə daha müsbət tendensiya göstərəcək. "Brent" markalı neft hasil edən ölkələr hasilatı artırdıqca onun qiyməti təzyiq altında olacaq. İl ərzində Texas markalı neftin hər barelinin qiyməti "Brent"i 10 dollar ötə bilər. Bu il Texas neftinin  28-48 dollar/barel, "Brent"in isə 20-40 dollar/barel aralığında satılması ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi