Yuxarı

Vyaçeslav Mişenko: “Argus Media” gələn il oktyabr-noyabr aylarında neft sammiti təşkil etməyi planlaşdırır” - MÜSAHİBƏ

Vyaçeslav Mişenko: “Argus Media” gələn il oktyabr-noyabr aylarında neft sammiti təşkil etməyi planlaşdırır” - MÜSAHİBƏ

“Argus Media” yaxın zamanlarda Bakıda ikinci sammitin keçirilməsinin şərtlərini və imkanlarını müzakirə etməyi planlaşdırır
© Report/Orkhan Azim

Bakı. 14 oktyabr. REPORT.AZ/ “Argus Media” şirkətinin Rusiya, MDB və Baltikyanı ölkələrindəki filialının rəhbəri Vyaçeslav Mişenkonun “Report”a müsahibəsi:

- Bakıda keçirilən cari “Argus” Beynəlxalq Neft Sammitində hansı məsələlərə diqqət yetirilir? Xəzər regionunun bu gün neft-qaz sənayesi üçün ən vacib bölgələrdən biri olduğunu nəzərə alaraq, konfransda bu region üzrə hansısa müzakirələr və ya hesabatlar olub?

- Əvvəla, tərəfdaşlarımıza - Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ilk sammitin Azərbaycanda təşkilində göstərdiyi yardıma görə minnətdarıq. Tədbirin əsas məqsədi Azərbaycanın neft-qaz sənayesində peşəkar nöqteyi-nəzərdən nələrin baş verdiyi, o cümlədən SOCAR-ın neft, neft məhsulları və qazın hasilatı, nəqli və marketinqi layihələrinin həyata keçirilməsi barədə məlumat verilməsi idi. Buna uyğun olaraq, sammitdə iştirak etmək üçün SOCAR-ın bütün departament və bölmələrini cəlb etmişik. SOCAR rəhbərliyi, o cümlədən sammitin ilk günündə cənab Rövnəq Abdullayev tərəfindən ümumi məsələlərə dair maraqlı hesabatlar oldu. Daha dar çərçivəli, texniki və maliyyə aspektləri, müxtəlif layihələrin icrası nəzərdən keçirilib, neft-kimya məhsulları istehsalının reallaşdırılması, genişləndirilməsi və inkişafı, neft emalının dərinləşdirilməsi və yüksək əlavə dəyərə nail olmaq üzrə çox perspektivli layihələr müzakirə edilib. Hesab edirik ki, qarşıya qoyduğumuz tapşırıqların öhdəsindən gəldik. Bunu iştirakçılar, moderatorlar, məruzəçilər və təbii ki, rəhbərlik də daxil olmaqla, SOCAR komandasının müsbət rəyləri sübut edir. Yaxın zamanlarda onlarla Bakıda ikinci sammitin keçirilməsinin şərtləri və imkanlarını müzakirə etməyi planlaşdırırıq. Fikrimcə, bu, gələn ilin oktyabr və ya noyabr ayında olacaq.

Bakıda keçirilən “Argus” Beynəlxalq Neft Sammiti

- Bakıdakı tədbirin iştirakçıları barədə məlumat almaq istərdik. Hansı şirkətlərin nümayəndələri orada iştirak edib?

- Tədbirdə “ABN AMRO Bank”, “Aria Petroleum”, “Azerbaijan Caspian Shipping Company”, “Azertrans”, “BP Azerbaijan”, “Gazprom Neft”, “Georgian Railways”, “Glencore”, “IntegralPetroleum”, “Litasco”, National Holding Company “Uzbekneftegaz”, “Petkim Petrokimya Holding A.Ş”, “RN-Bunker”, “Turkmen Petroleum Products Trade”, “Vitol”, “Zhaikmunai” kimi şirkətlər iştirak ediblər.

- Bu konfransdan gözləntiləriniz nə idi? Tədbirin nə kimi faydaları var?

- Bütün gözləntilərimiz, belə baxanda, reallaşıb. Biz peşəkar forum toplamaq istəyirdik. Sessiyanın ilk günündə 400-dən çox insan iştirak etdi. Onlar arasında SOCAR rəhbərliyi, bütün bölmələrin, departamentlərin, idarələrin rəhbərləri və təbii ki, sahənin tanınan ekspertləri, mütəxəssisləri var idi. Platformanın professional şəkildə keçirildiyini, səmərəli dialoqun, məlumat və təcrübə mübadiləsinin aparıldığını düşünürük. Bu, inkişaf etdirilməli olan unikal meydandır.

- SOCAR-ın bu tədbirdəki təşkilatçılığını necə qiymətləndirirsiniz?

- SOCAR ilə uzun müddətdir əməkdaşlıq edirik. Belə tədbiri ilk dəfə edirik. Hesab edirik ki, SOCAR-ın bölmələrinin əməkdaşları tərəfindən maksimum dərəcədə güc və təcrübə tətbiq edilib. Başda SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəhbəri cənab Ədnan Əhmədzadə olmaqla, sammitə hazırlıqda və onun keçirilməsində iştirak etmiş bütün əməkdaşlara minnətdarıq.

“Argus Media” şirkətinin Rusiya, MDB və Baltikyanı ölkələrindəki filialının rəhbəri Vyaçeslav Mişenko

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi