Yuxarı

"Vitol" ABŞ sanksiyaları ilə üzləşə bilər - Ekspertlərin rəyləri

Bakı. 11 fevral. REPORT.AZ/ Xəbər verdiyimiz kimi, dünyanın ən iri neft treyderlərindən biri olan "Vitol" şirkəti Krım və Suriyaya neft məhsullarının satışı səbəbindən ABŞ-ın sanksiyaları ilə üzləşən gəmiləri icarəyə götürüb.

Əldə olunan yeni məlumatda "Vitol"un dənizlə yük daşınmasını ucuzlaşdırmaq üçün "Mekhanik Voronkov" (IMO 886719, 1971 il) və "Grigoriy Bugrov" (IMO 8848628, 1974 il) tankerlərindən başqa, ABŞ-ın sanksiyaları altında olan “VF Tanker-3” (IMO 9640516, 2012-ci il) tankerini də icarəyə götürdüyü məlum olub.

Bu gəmilərin sahibləri - “VEB Leasing”  və “Trans-flot” şirkətləri müvafiq olaraq EO13662 və EO-13685 proqramları üzrə OFAC-ın (The Office of Foreign Assets Control - ABŞ Maliyyə Nazirliyinin sanksiyaların icrası üçün məsul strukturu) sanksiyalar siyahısında yer alıb.

Fevralın 10-na olan məlumata əsasən, “Vitol” şirkəti ABŞ sanksiyaları altında olan gəmilərdə türkmən neftinin üç dəfə daşınmasını həyata keçirib.

Belə ki, fevralın 2-də Alaca limanında “Dragon oil”ə məxsus neft “VF Tanker-3” tankerinə, fevralın 6-da həmin limanda yenə eyni şirkətə məxsus neft “Mekhanik Voronkov” tankerinə, fevralın 8-də isə “Eni” şirkətinə məxsus neft Ekerem limanında “Grigoriy Bugrov” tankerinə yüklənib.

Bu faktlar göstərir ki, “Vitol” şirkəti bir neçə dəfə və qəsdən sanksiyaları pozub, bundan başqa “Dragon Oil Turkmenistan” LTD (ENOC-un törəməsi) və “Eni Turkmenistan” LTD (İtaliyanın nəhəng neft-qaz şirkətinin “Eni Spa” şirkətinin törəməsi) də pozuntulara cəlb edilib.

Belə şirkətlərin fəaliyyətinin qəbul edilmiş standartlarına əsasən, yükləməni təsdiqləməmişdən əvvəl hər bir gəmi məcburi vettinq prosedurunu keçir ki, burada da gəminin texniki durumu, gəmini idarə edən şirkətin peşəkarlığı və ABŞ, BMT və Avropa İqtisadi Birliyinin sanksiyaları ilə problemlərinin mövcud olmadığı yoxlanılır.

Həmçinin vettinq proseduru “Vitol” şirkətinin fəaliyyətində də mövcud olmalıdır.

Piter Teys

Trans Atlantik əlaqələr üzrə ekspert, beynəlxalq mediada şərhçi Piter Teys

Eyni zamanda, Krım və Suriya ilə iş görməyi qərarlaşdıran "Vitol" rəhbərliyi və ya şirkətin törəmələrinə qarşı ABŞ Maliyyə Nazirliyi tərəfindən tədbirlər görülə bilər.

Göründüyü kimi, əgər “Vitol” şirkəti bilərəkdən ABŞ sanksiyalarının pozubsa, “Dragon Oil” və “Eni Turkmenistan LTD” şirkətlərinin müvafiq strukturdakı departamentləri mövcud deyil və ya öz funksiyalarını yerinə yetirmirlər.

Yoxsa bununla belə, bu şirkətlər üçün bu günlərdə 48 yaşı tamam olan “Mekhanik Voronkov” və ya 45 yaşı qeyd edilən “Grigoriy Bugrov” gəmilərinin yüklənilməsi necə mümkün ola bilərdi?! Baxmayaraq ki, ENOC və “Eni” şirkətlərinin daxili standartları hətta 15 ili tamam olmuş gəmiləri istifadə etməyə imkan vermir. İstisna hallarda yaşı 25 tamam olmuş gəmilər yüklənmədə istifadə edilə bilir.

Bundan başqa, istifadə edilən gəmilər beynəlxalq qəbul olunmuş P&I klublarının P&I sığorta hissəsinə malik olmalıdırlar.

Bu şirkətlərin hüquqi və uyğunluq departamentlərinə gəldikdə, burada qeyri-peşəkarlıq mövcuddur. Çünki “Dragon Oil” və “Eni Turkmenistan” şirkətləri öz üzərlərinə ABŞ sanksiyalarını pozmaqda günahlandırılma risklərini götürüblər, ancaq bu şirkətlərin qarşılıqlı hesablaşmalarının böyük hissəsi ABŞ dollarında həyata keçirilir.

Bəs ABŞ dolları ilə çoxmilyardlı əməliyyatlar həyata keçirən və ABŞ-da biznesi olan "Vitol" kimi böyük şirkətə sadəcə qısamüddətli gəlir üçün ABŞ sanksiyalarına məhəl qoymamaq nə verəcək?!

"Report" xəbər verir ki, ekspertlər bu əməliyyata görə, "Vitol"un ABŞ sanksiyaları ilə üzləşmə riski olduğunu bildirirlər. 

Trans Atlantik əlaqələr üzrə ekspert, beynəlxalq mediada şərhçi Piter Teys bildirib ki, "Vitol" şirkəti Türkmənistandakı adı çəkilən əməliyyatı, vaxtı keçmiş tanker və köhnə gəmiləri istifadə etməklə, Xəzər dənizinin ekosisteminə təhlükə yaradır və dənizə neft axıntısı imkanını artırır. P.Teys hesab edir ki, OFAC sözsüz ki, "Vitol" və onunla ortaq şirkətlərə dair qeydlər götürür. "Vitol" 14 ölkədə 9 mln. kubmetrdən çox saxlama gücünə malikdir və onların Hyustondakı ofisləri bağlansa bu, mövqelərinə təsir edə bilər.  Eyni zamanda, Krım və Suriya ilə iş görməyi qərarlaşdıran "Vitol" rəhbərliyi və ya şirkətin törəmələrinə qarşı ABŞ Maliyyə Nazirliyi tərəfindən tədbirlər görülə bilər".

Zəfər Vəliyev

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev

Maraqlı məqam ondan ibarətdir ki, "Dragon Oil" şirkətindən xam neft kontrakt əsasında alan "Vitol" alınmış neft həcmlərini hansı istiqamətdə dünya bazarlarına çıxaracaq? Bu da sual doğuran məsələdir.

 

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev də bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğu və bu hövzədə beynəlxalq sular məfhumu olmadığı üçün adıçəkilən su hövzəsində şübhəli neft əməliyyatlarının gerçəkləşməsi asandır. "Xəzər dənizində şübhəli neft əməliyyatlarının aparılması ilk hadisə deyil. 2016-2017-ci illərdə də belə əməliyyatlar həyata keçirilib. ENOC -un törəmə şirkəti olan "Dragon Oil" 1999-cu ildən başlayaraq Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) çərçivəsində Türkmənistanın "Çələkən" neft yatağında fəaliyyət göstərir. Kontrakt sahəsindən ("Ceytun", "Cğalıbəy" yataqları) hasil edilən neft həcmlərinin bir hissəsi Samara xətti ("Transneft" ə məxsus ixrac gücləri) ilə Rusiyanın Qara dəniz limanları vasitəsilə dünya bazarlarına çıxarılır". O xatırladıb ki, "Dragon Oil" şübhəli neft əməliyyatlarını əsasən İranın Neka (NİOC məxsus terminal) limanı üzərindən həyata keçirməsi barədə də məlumatlar zaman-zaman KİV-də yer alıb. "Türkmənistanın Xəzər dənizi sahilində yerləşən Alaca terminalı da BƏƏ-də qeydiyyatdan keçmiş şirkətə məxsusdur və bu şirkət "Dragon Oil" şirkəti ilə mübhəm əlaqələrə məxsusdur. "Vitol" beynəlxalq treydinq şirkətinin Liviya, Fars körfəzi və Aralıq dənizində şübhəli neft əməliyyatları həyata keçirməsi barədə də məlumatlar var. Ümumiyyətlə, dünyanın neft bazarları illərdir şübhəli əməliyyatlarla zəngindir. Digər maraqlı məqam ondan ibarətdir ki, "Dragon Oil" şirkətindən xam neft kontrakt əsasında alan "Vitol" alınmış neft həcmlərini hansı istiqamətdə dünya bazarlarına çıxaracaq? Bu da sual doğuran məsələdir", - ekspert əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi