Varşavada Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclası keçirilib

Varşavada Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclası keçirilib Azərbaycanın energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Varşavada olub
Energetika
22 Dekabr , 2016 15:39
Varşavada Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Varşavada Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının VII iclası keçirilib.

“Report” Azərbaycanın Polşadakı səfirliyinə istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycanın energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 18-21 dekabr tarixlərində Polşa paytaxtına səfər edib.

Hökumətlərarası Komissiyanın iclasının açılış mərasimindən öncə Komissiyanın hər iki tərəfdən həmsədrləri Natiq Əliyev və Polşa baş nazirinin müavini, inkişaf və maliyyə naziri Mateuş Moravietski arasında görüş keçirilib. Görüş zamanı iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Hökumətlərarası Komissiyanın plenar iclasında çıxış edən N.Əliyev Azərbaycanın iqtisadi potensialı, kənd təsərrüfatı, təbii və coğrafi şəraiti, turizm imkanları, qeyri-neft sektorunun inkişaf prioritetləri, xarici investisiyaların cəlb edilməsi, yerli sahibkarlığın inkişafı üçün görülən tədbirlər, neft və kimya sənayesi, yaradılmış sənaye və texnoloji parklar, Azərbaycanın da fəal iştirak etdiyi beynəlxalq layihələr, o cümlədən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı-Tiflis-Qars dəmir yolu və s. haqqında iştirakçılara ətraflı məlumat verib.

İclasın sonunda həmsədrlər Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VII iclasının yekun protokolunu imzalayıblar.

İclasdan sonra baş tutan biznes görüşlərin açılış mərasimində çıxış edən nazir N.Əliyev Azərbaycanın xarici investisiyalar üçün açıq ölkə olduğunu vurğulayaraq, Polşa şirkətlərinin investisiya yatıra biləcəyi sahə və layihələrin olduqca çox olduğunu bildirib. O, Polşa şirkətlərini Azərbaycana dəvət edib.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində AZPROMO və Polşa İnformasiya və Xarici İnvestisiyalar Agentliyi, Polşa İnkişaf Fondu, Polşa Sahibkarlığın İnkişafı Agentliyi, İxrac Kreditlərinin Sığortalanması Korporasiyası, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı təqdimatla çıxış ediblər.Daha sonra hər iki ölkənin özəl sektor nümayəndələri arasında biznes görüşlər təşkil edilib, faydalı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi istiqamətində ilkin təmaslar həyata keçirilib.

Azərbaycanın energetika naziri Polşaya səfəri çərçivəsində həmçinin Polşanın energetika naziri Kşıştof Txujevski, Polşa Prezidenti Administrasiyasının xarici siyasət üzrə naziri Kşıştof Şçerski, xarici işlər nazirinin müavini Marek Jilkovski, inkişaf nazirinin müavini Tadeuş Koşçinski, energetika nazirinin müavini Mixal Kurtıka və Mazovetski vilayətinin başçısı Zdislav Sipiera ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da iştirak edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında 8 iyul 2016-cı il tarixində Varşavada keçirilmiş görüş zamanı iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə daha da inkişaf etdirilməsi ilə bağlı yeni vəzifələr qoyulub. Bu baxımdan Varşavada keçirilmiş Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının VII iclasının gündəliyi və komissiya çərçivəsində keçirilmiş bir sıra görüşlər həmin vəzifələrin həyata keçirilməsinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi