Vaqif Əliyev: "TANAP-ın tikintisi cədvələ uyğun davam edir"

Vaqif Əliyev: "TANAP-ın tikintisi cədvələ uyğun davam edir" Boru kəmərinin 475 km hissəsi qaynaqlanıb
Energetika
2 May , 2016 08:55
Vaqif Əliyev: TANAP-ın tikintisi cədvələ uyğun davam edir

Bakı. 2 may. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin ucuz olmasına və xarici kreditlərə ehtiyac yaranmasına baxmayaraq, Trans-Anadolu Boru Kəmərinin (TANAP) tikintisi cədvələ uyğun davam etdirilir. "Report"un "Natural Gas Europe" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

V.Əliyev qeyd edib ki, layihənin inkişafı üçün heç bir maliyyə problemi yoxdur, TANAP üçün istehsal olunan boruların uzunluğu isə aprelin 25-nə 1 088 km-ə çatıb.

Onun sözlərinə görə, bundan 893 km-lik borular Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərə qədər yerləşdirilib, təxminən 475 km hissə qaynaqlanıb.

Qeyd edək ki, Dünya Bankı və Avropa İnvestisiya Bankı tərəfindən yaxın aylarda TANAP-da 30% paya malik olan "BOTAŞ" şirkətinə 2,13 mlrd. dollar kredit ayrılması nəzərdə tutulur. "BOTAŞ" şirkəti özü layihəyə 780 mln. dollar ayıracaq.

TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"ın 30%, BP-nin 12% payı var.

Son xəbərlər

Orphus sistemi